"Orta məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması, qəbul imtahanlarının nəticələrində də özünü göstərdi" - Ekspert

 17:59 31.08.2023     792

Ötən gün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Bəs ekspertlər bu ilki qəbul prosesini necə qiymətləndirir? Hansı mənfi və müsbət proseslər müşahidə olundu?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları əvvəlki illərdən kifayət qədər fərqlənirdi:

"Birinci ona görə ki, 1-ci ixtisas qrupunda alt qruplarının yaradılması, həmçinin informatikanın əlavə fənn olaraq daxil edilməsi öz təsirini birmənalı şəkildə göstərməli idi və bu, göstərildi. Belə ki, əvvəlki illərdə Neft və Sənaye Universitetində Proseslərin avtomatlaşdırılması ixtisası ingilis dilində 600 balın üzərində idisə məhz bu dəyişiklikdən sonra həmin ixtisasın keçid balı 200-ə düşdü. Həmçinin 1-ci ixtisas qrupunda 18000 plan yerinin 13000-i dövlət sifarişi idi. Bu il 1-ci ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə artmışdı və biz gördük ki, 1-ci ixtisas qrupu üzrə 200 balla dövlət universitetlərinə ödənişsiz ixtisaslara qəbul olmaq mümkün oldu. Hətta onu qeyd edim ki, bu ixtisas qrupunda Gəncə və Lənkəranda 175 balla ali məktəblərə qəbul olmaq mümkün oldu. Təbii ki, bu aşağı göstəricidir, amma təhsilin əlçatanlığına xidmət edir. Ali təhsil müəssisələrinə qəbul yeri tam şəkildə dolmayıb, yaxın günlərdə ikinci tur olacaqdır. Amma biz ayrı-ayrılıqda qruplar üzrə dəyərləndirəndə görürük ki, ən aşağı ballarla, hətta 4-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə 150 balla qəbul olmaq mümkün oldu. Xüsusən 1-ci ixtisas qrupunun keçid balları kəskin aşağı düşdü. Təbii ki, bu, gələcək üçün proqnozda müəyyən problemlər yarada biləcək. Yəni biz aşağı balla strateji ixtisaslara mütəxəssis qəbulunu həyata keçirdik. 3-cü ixtisas qrupunda yüksək balla abituriyentlər məhz Bakı Dövlət Universitetini seçdi, həmçinin 1-ci ixtisas qrupunda ən yüksək balla Bakı Ali Neft Məktəbi seçildi, 2-ci ixtisas qrupunda Azərbaycan Dövlət İqtisad Universiteti seçildi. Təəccübləndirən yerlərdən biri də birmənalı şəkildə tibb ixtisası idi".

Ekspert bildirdi ki, ümumilikdə bu illəri ali məktəblərimizdə fantastik göstəricilər var, 50 mindən çox şəxs ali məktəbə qəbul olub:

"Azərbaycanda ali təhsilli vətəndaşların sayının artması istiqamətində bu, yaxşıdır. Amma bundan sonra ali təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusən qeyd edim ki, ixtisas seçimi zamanı subbakalavrlar müəyyən qədər çətinlik yaşadılar. Hətta artıq rəqabət mühiti subakalavrların ali məktəbə qəbulunda da özünü göstərir. 6000-dən çox subakalavr ali məktəblərə qəbul olub. Amma bu, təbii ki, ali məktəblərin plan yerlərini doldurmaqdan başqa bir missiyanı yerinə yetirmir. Biz bəzən görürük ki, subbakalavrlar ali təhsil müəssisələrində tədrisin normal gedişinə müəyyən qədər təsir göstərir. Çünki onlar əvvəl oxuyub, qiyabiyə meyllənirlər, işləyirlər deyə onlar daha çox dərs prosesində az iştirak etməyə çalışırlar. Ümumilikdə bu ilki qəbul imtahanlarında,  yenə deyirəm çox yüksək yüksək bal olmadı, hətta 3-cü ixtisas qrupu üzrə minimum ballarla ali məktəblərə qəbul olmaq mümkün oldu. Bölgələrə daha çox subbkalavrlar qəbul ola bildilər. Ümumilikdə müsbət qiymətləndirirəm. Yəni demək olar ki, müsabiqə şərtini ödəyən abituriyentlər arasında kəsilən olmadı. Yüksək ballı abituriyentlərin təbii ki, kəsilmə prosesini biz görmədik. Yəni bu il daha çox az ballı abituriyentlərin ali məktəblərə qəbulunu müşahidə edirik. Hesab edirəm ki, təhsilin keyfiyyətinə bilavasitə öz təsirini göstərəcək. Orta təhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olması, ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərdi".

Humay İSGƏNDƏRLİ