"Təkpilləli vahid imtahan modelinə keçməliyik" - Nadir İsrafilov
"Son günlər yazılı və elektron mediada ali təhsil müəssislərinə qəbulda keçid ballarının aşağı salınması geniş müzakirələrə yol açıb. Bunu əsasən təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirənlər, Hətta “Qəbul formatı dəyişməlidir” kimi çağırışlar edənlər də var. Bununla belə bütün deyilənlərə və yazılanlara rəğmən hesab edirəm ki, təhsilin keyfiyyəti nə bir ilə, nə də 2-3 ilə nə qalxa, nə də aşağı düşə bilər. Bunun üçün radikal dəyişikliklər və bir neçə onilliklər tələb olunur".
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirdi.
Onun sözlərinə görə, hələ ki, təhsilin keyfiyyətinin 700 ballıq şkala ilə ölçülməsini nəzərə alsaq, 2007-ci ildən üzü bu yana demək olar ki, hər il ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş müzakirə obyektininə çevrilir:
"Halbuki, nəzərə alsaq ki, elə ilimiz olub ki, 29 nəfər 700 bal toplayıb, elə illərimiz də olub ki, qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib. Bu məntiqlə yanaşsaq, belə çıxır ki, hansısa ilimizdə təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, hansısa ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayıb!? Bu günün özündə də bir çoxlarımız belə hesab edirik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Söhbət keyfiyyətin aşağı düşməsindən gedirsə, elə isə nəyə görə I və II ixtisas qrupunda ballar kəskin şəkildə endirilib, III və IV qruplarda isə rəqabət yaranıb?"
N.İsrafilov dedi ki, Dövlət İmtahan Mərkəzinin I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları ilə hardasa razılaşmaq olar:
"Məlumatlardan da görünür ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. Göründüyü kimi əsas məsələ plan yerləri ilə bağlıdır. Bu halda isə istər-istənəz dilemma qarşısında qalırıq: “Ya kəmiyət, ya keyfiyyət.” Onu da nəzərə alsaq ki, bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu günədək ali təhsilin daha açıq və daha əlçatanlığı istiqamətində sistemli addımlar atılıb. Xeyli tələbə dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanıb, dövlət sifarişli plan yerlərinin sayı artırılıb, nəticə etibarı ilə bu xeyli ailələrin sevincinə səbəb olub, bununla belə ali təhsilin hamı üçün əlçatanlığı təkcə hansısa bir qrup məzunun aşağı keçid balı ilə ali məktəbə qəbul olması ilə ölçülə bilməz. Necə deyərlər universitetlərin giriş qapısını geniş açaq, ancaq, çıxış qapısını daraldaq, Başqa sözlə, ali təhsil almaq arzusunda olana “Xoş gəldin!”, arzusunu reallaşdıra bilməyənə isə, “Əlvida!” deyək. Səbəblər aydın olsa da, həlli yolları barədə düşünməliyik".
Təhsil eksperti hesab edir ki, ali məktəblərə qəbul sadələşdirilməlidir, lakin keçid ballarının aşağı salınması hesabına yox.
"İstənilən halda qəbul qaydalarını sadələşdirməliyik. Bir çox ölkələrdə olduğu kimi, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcəyi belə dəfələrlə dilə gətirilib. Ancaq, nədənsə hələ də gözləmə mövqeyindəyik", - deyə N.İsrafilov bildirdi.
Humay İSGƏNDƏRLİ