"Sertifikasiyadan keçməyənləri məktəbdə saxlamaq nə dərəcədə düzgündür?" - Musa Qasımlı

 15:59 05.09.2023     478

Ötən gündən bəri gündəmi zəbt edən mövzulardan biri də 743 müəllimin əmək müqaviləsinə xitam verilməsidir.

Belə ki, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət bu qədər müəllimin əmək müqaviləsinə xitam verilməsini düzgün hesab etmir. Elə həmin müəllimlər də etirazlarını sosial şəbəkələr üzərindən bildirirlər.

Bəs, cəmiyyət bu mövzuda nə qədər haqlıdır?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı Redaktor.az-a danışdı. 

Millət vəkilinin fikrincə, açıq söyləmək lazımdır ki, ictimaiyyətimiz məktəblərimizdə verilən dərslərin keyfiyyətindən narazıdır.

"Bu narazılıq tamamilə haqlıdır. Dərslərin keyfiyyətsiz olmasının səbəblərini araşdırmaq lazımdır. O səbəblərdən biri müəllimlərlə bağlıdır. Əgər müəllim dərs verdiyi fənni lazımi səviyyədə tədris edə bilmirsə, şagird onun dediyini anlamırsa, müəllim özü ana dilimizdə düzgün yaza bilmirsə, səbəb də aydındır. Ona görə də təhsil sistemimizin sağlamlaşdırılması zəruridir. Onu sağlamlaşdırmağın yollarından biri müəllimlərin imtahan verməsi, sertifikasiyadan keçməsidir. Burada iki məsələnin nisbətinə baxmaq lazımdır. Biri bizim məktəblərimizdə keyfiyyətli təhsil olmalıdırmı? Təbii ki, olmalıdır, hamı bunu istəyir. İkinci keyfiyyətli təhsili verə bilməyənləri məktəbdə saxlamaq lazımdırmı? Məncə, bu məsələdə də hamının mövqeyi aydındır. Keyfiyyətli təhsil verməyənləri, sertifikasiyadan keçməyənləri məktəbdə saxlamaq nə dərəcədə düzgündür? Ona görə də hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin qəbul etdiyi qərarlar müvafiq əsasnamələrə uyğundur, düzgündür, təhsilimizin sağlamlaşdırılmasına yönəlib", - deyə Musa Qasımlı bildirdi.

Humay İSGƏNDƏRLİ