"Sertifikasiya həm də kimlərəsə bundan nəticə çıxarmaları üçün nümunəvi dərsdir" - Nadir İsrafilov

 12:45 06.09.2023     499

Bildiyimiz kimi, ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahana gəlməyib. Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməsi prosesinə başlanılıb.

743 müəllimln əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təhsil mütəxəssisi Nadir İsrafilov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, təkrar sertifikatlaşdırma mərhələsini həm təəssüf, həm təsəlli, həm də kimlərəsə dərs kimi dəyərləndirir:

"Təəssüfləndirici hal odur ki, nəzərə alsaq ki, bu ilkin mərhələdir, digər fənn müəllimlərinin sınağa çəkilməsi hələ irəlidədir, 743 müəllimin əmək müqaviləsinə xitam verilməsi elə də kiçik rəqəm deyil. Təəssüfedici məqamlardan biri də odur ki, bu müəllimlər arasında uzun illik təcrübəyə, lazımı bilik, bacarıq və vərdişlərə malik, lakin “bəxt amili” ucbatından uğursuzluğa düçar olan müəllimlər də olmamış deyil. Təsəlliverici hal isə ondan ibarətdir ki, hələ hər şey itirilmiş deyil. Ən yüksək səviyyədə rəsmi açıqlamalara əsasən “təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq”, “təkrar sertifikatlaşdırmadan keçməyənlərin məktəbdaxili digər vəzifələrdə çalışmalarına imkan yaradıla bilər”, “sertifikatlaşdırmadan kəsilən təhsilverənlər yenidən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə və MİQ-lə yenidən işə qəbul ola bilər” və s.  Elə, nazirin özü də keçirdiyi brifinqlərdən birində də məsələnin konkret həlli ilə bağlı məsələyə münasibət bildirərkən - “sertifiktlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən müəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər” – mesajını vermişdi. Ən başlıcası isə təkrar sertifikasiya imtahanına gələnlər bilməmiş deyildilər ki, daha doğrusu bilməli idilər ki, sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi isə məlum olduğu kimi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini nəzərdə tutulur".

Mütəxəssis vurğuladı ki, kəsilənlər arasında üzrlü səbəblər olmadan sertifikatlaşdırmada iştirak etməyənlər, bu prosedura məsuliyyətsiz yanaşanlar, səhlənkarlıq göstərənlər də az deyil.  

"Nazirin təbirincə desək, "Sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçirilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar. Çalışırıq ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar.” Bu mənada sertifikasiya təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığını yoxlamaq üçün bir prosedur olmaqla yanaşı, həm də kimlərəsə bundan nəticə çıxarmaları üçün nümunəvi dərsdir",- deyə N.İsrafilov bildirdi.

Humay İSGƏNDƏRLİ