"Əgər hər hansı bir fənn müəllimi öz ixtisası ilə bağlı müfəssəl informasiyaya sahib deyilsə..."

 14:22 06.09.2023     1902

Bir neçə gün əvvəl təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən müəllimlər daha çox Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrində çalışanlar olub.

Maraqlıdır, niyə bu bölgədə olan müəllimlərin nəticəsi zəifdir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a danışdı.

Ekspert dedi ki, bütün sertifikasiya prosesi başa çatandan sonra Elm və Təhsil Nazirliyində bir data formalaşacaq və konkret regionlar üzrə harada daha zəif nəticələr varsa, məlum olacaq:

"İndi faktiki keçirilmiş ibtidai sinif və Azərbaycan dili müəllimlərin sertifikasiyasından sonra artıq müvafiq ərazilər üzrə müəllimlərin bilik səviyyəsinin daha yaxşı olduğu bəllidir. Təbii ki, qeyd olunan Gəncə-Daşkəsən regionunda müəllimlərin göstəriciləri çox aşağıdır. Bu da onların təhsil verdikləri uşaqların ümumi nəticələrinə təsir edən mühüm faktordur. Əgər bu gün hər hansı bir fənn müəllimi öz ixtisası ilə bağlı müfəssəl informasiyaya sahib deyilsə və müasir çağırışlara, eyni zamanda müasir təhsil proqramına yaddırsa və təbii ki, onun yetişdirdiyi şagirdlərin nəticələri ümumilikdə olduqca aşağı olacaq. Ona görə də bu sertifikasiyanın keçirilməsində başlıca səbəb ilk növbədə prosesə yad olan şəxslərin tədricən sıradan çıxarılmasıdır. Eyni zamanda yeni kadrların zəif göstəricilər olan ərazilərdə, işdən çıxarılan müəllimləri əvəz etməsidir. Nəticə etibarilə bütün fənlərin sertifikasiyası bitdikdən sonra həmin ərazilərə ola bilər ki, həvəsləndirmə metodu tətbiq etməklə daha güclü peşəkar müəllimləri bu istiqamətə yönləndirmək olacaq. Məsələn, müəllimlər Gəncə-Daşkəsən üzrə müvafiq olaraq işlə təmin ediləcək və bunun paralelində həmin şəxslərə müəyyən qədər imtiyazlar tanına bilər. Yəni bu da tədricən o ərazilərdə təhsil göstəricilərinin artımına gətirib çıxaracaq. Amma hal-hazırkı vəziyyətdə, göstəricilər aşağıdırsa, o müəllimlərin tədricən prosesdən kənarda tutulması daha məqsədəuyğun ola bilər".

Humay İSGƏNDƏRLİ