"Yaşlı müəllimlərin təcrid olunmasına son qoymalıyıq" - Deputat

 16:25 06.09.2023     3294

60 yaşı tamam olan müəllimlərin 85 faizi sertifikatlaşdırma prosesində iştirak etməyib.

Həmin müəllimlərin sertifikatlaşdırmada iştirak etməməsi cəmiyyətdə bəzi sual doğurur? Yaşları çox olduğu üçün imtahandan iştirak etmək istəmirlər? Yoxsa səbəb başqadır?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Millət vəkili bildirdi ki, həmin müəllimlərin imtahanda iştirak etməməsinin müxtəlif səbəbləri var:

"Səbəblərdən biri də hesab edirəm ki, onların yaşı ilə bağlıdır, yəni istər-istəməz yaşlı insanların bacarığı, yaddaşı zaman keçdikcə zəifləyir və ona görə də bu amil burada öz təsirini göstərir. Amma düşünürəm ki, burada digər bir məsələlər də var. Eyni zamanda son sertifikasiya ilə bağlı məsələyə dəyişiklik olundu və yaşlı müəllimlərlə bağlı orada bir sıra dəyişikliklər oldu. Sertifikasiya imtahanlarında bir məqamı da görürəm ki, sanki daha çox gənclərə üstünlük verilməsi kimi bir tendensiya var. Statistikalara baxanda xüsusi vurğulanır ki, ən cavan müəllimlər daha yüksək göstərici göstərirlər. Bunu bir dəfə Elm və Təhsil Nazirliyinin rəsmiləri ilə görüşdə də qeyd etdim, təhsil belədir ki, burada bilik önəmlidir, savad önəmlidir. Amma buna paralel olaraq təcrübə də önəmlidir. Yenə o fikirdəyəm ki, yaşlı nəslinin müsbət təcrübəsini biz bu gün gənc nəslə ötürməliyik. Çünki bu problem bir sıra hallarda özünü göstərir. Söhbət gedir cavan müəllimlərdən və o müəllimlərin işə qəbulundan, hansı ki, onların o qədər də təcrübəsi yoxdur, bir hissəsi direktor da təyin olunur, bir hissəsi müəllim kimi fəaliyyət göstərir. Təcrübələri kifayət qədər olmadığına görə biz zaman-zaman həmin müəllimlərlə bağlı bir sıra çətinliklərin də yaşandığına şahid oluruq. Biz mütləq şəkildə nisbətən təcrübəli müəllimlərin məktəblərdə qalması ənənəsini qorumalıyıq. Çünki müəllimlik elə peşədir ki, bir müəllim illərlə bir təcrübəni toplayır və bu təcrübəni toplaya-toplaya bir səviyyəyə gəlir. Yeni məktəbə başlayan müəllim nəzəriyyəni nə qədər yüksək səviyyədə bilsə də, əslində mənim yeni nəslin daha savadlı olması ilə bağlı da çox şübhəm var. Çünki bu gün bizim universitetlərimizin mütləq əksəriyyəti yaxşı təhsil vermir. Əgər yaxşı təhsil vermirsə, necə olur ki, 30 yaşına qədər olan müəllimlər, sertifikasiyadan keçən bu şəxslər 100 faiz uğurlu olurlar? Yəni bu sual doğurur ki, necə ola bilər bu hal? Davamlı müsahibələrimdə deyirəm ki, təhsilin keyfiyyəti ilə bağlı bizim hələ də çətinliklərimiz var. Ona görə hesab edirəm ki, bu reallıqlar nəzərə alınmalıdır. Bir sıra hallarda yaşlı müəllimlərin dışlanmasına, təcrid olunmasına son qoymalıyıq. Onların bir sıra hallarda hesab edirəm ki, aşağılanması halları da olur, bu da yolverilməzdir".

Humay İSGƏNDƏRLİ