"Vaxtilə Gəncədə olan Müəllimlər İnstitutunun Gəncə-Daşkəsən bölgəsindəki zəif nəticələrə təsiri var"

 17:26 06.09.2023     441

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən müəllimlər daha çox Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrində çalışanlar olub.

Bu məlumatdan sonra "rayondakı müəllimlərin bilik səviyyəsi aşağıdır" fikirləri yenidən aktual oldu.

Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrindəki müəllimlərin nəticəsi nə üçün belə olub?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Deputat dedi ki, vaxtilə Gəncədə Müəllimlər İnstitutu fəaliyyət göstərib və institutun fəaliyyətindəki problemlə bağlı mətbuatda kifayət qədər məlumat işıqlanıdırılıb:

"Hesab edirəm ki, bu məsələnin hazırkı statistikaya müəyyən mənada rolu var. Əvvəl də demişəm, sertifikasiyanı bir çıxış yolu kimi indi görürük.  Amma buna paralel olaraq biz təhsilin keyfiyyətini və məzmunu artırmalıyıq. Digər bir məsələ isə mən düşünürəm ki, işinə xitam verilən müəllimlərlə bağlı, onların, həyat şəraiti ilə də bağlı ciddi düşünməliyik. Yəni bu insanlar ailə sahibləridir, bunların övladları var. Bunları biz taleyin ümidinə buraxmamalıyıq. Əgər bunlar məktəblərə gəliblərsə, savadsızdırlarsa, bunun məsuliyyətini yalnız onlar daşımır. Həm də zamanında onları işə qəbul edənlər də məsuliyyət daşıyır".

Humay İSGƏNDƏRLİ