Hansı universitetlərin yataqxanası tələbə qəbul edir? - SORĞU

 17:47 07.09.2023     1049

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Ali məktəblərdə təhsil alacaq, regionlardan olan tələbələri maraqlandıran əsas məsələlərdən biri də paytaxtdakı universitetlərin yataqxanalarıdır.

Bəzi universitetlərdə yataqxanalar fəaliyyət göstərsə də, bəzilərində bu problem hələ də qalmaqdadır. 

Redaktor.az yataqxanaları olan universitetlər arasında sorğu keçirdi.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirdi ki, BDU-nun "Tələbə evi" 220 nəfərlikdir:

"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxana təxminən 2 500-3 000 tələbənin qalmasına imkan verəcək".

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov söylədi ki, ADPU-nun Bakı şəhərində 5 yataqxanası var:

"Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşmışıb. ADPU-nun Akad. Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşən 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Seçimdə sosial həssas qrupdan olan xanım tələbələr nəzərə alınır. Bu yataqxanada 217 nəfər yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Yataqxana tam təmirlidir və yaşayış üçün lazım olan bütün zəruri avadanlıqlarla, o cümlədən kommunal və internet xidməti ilə təmin edilir. Yataqxanaya müraciət etmək istəyən xanım tələbələr rektorun adına ərizə ilə müraciət etməlidirlər".

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Zəhra Hüseynova bildirdi ki, yataqxana tələbələrin istifadəsi üçün tam hazırdır:

"Ümumi 205 nəfərlikdir. Tələbələrin yerləşməsi sentyabrın 11-dən başlayacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU/UNEC) mətbuat katibi Elnarə Məmmədova söylədi ki, UNEC-in 5 yataqxanası var:

"Yataqxanalarda məcburi köşkünlər məskunlaşdığı üçün hələlik tələbələrin istifadəsinə verilə bilmir".

Humay İSGƏNDƏRLİ