"Direktor təyinatında əgər güzəşt edilirsə, bu, ən böyük vətənə xəyanətdir" - Deputat
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev yeni tədrisi ilə bağlı keçirdiyi brifinqdə bir sıra məsələlərə toxunub.
Nazirin səsləndirdiyi bəzi fikirlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Onlardan biri də "təhsildə güzəşt etmək vətənə xəyanət kimi bir şeydir" sözləridir.
Maraqlıdır, təhsil ictimaiyyəti nazirin bu fikirləri ilə nə qədər razıdır?
Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Redaktor.az-a danışdı.
"Emin Əmrullayevi çox tənqid edirik, amma bir çox hallarda tənqiddən nəticə çıxarır, bir çox hallarda tənqiddən nəticə çıxarmır. Ancaq sertifikasiya imtahanlarında rast gəlməmişik ki, hansısa bir tapşırıq keçsin. Mən bunu eşitməmişəm. Yəni bunu nəzərdə tutursa, nazir düz deyir. Əgər bir nəfərə güzəşt edilsəydi, şübhəsiz ki, bu, zəncirvari bir prosesə çevrilə bilərdi və hamı bunu bilərdi. Ancaq bəzi hallarda, sualların verilməsi və suallardakı qüsurlar düzünə baxanda, əslində neqativ haldır, ciddi neqativ hal kimi dəyərləndirilməlidir. Gələcəkdə məktəbəqədər təhsil müəssisələrində çalışanların sertifikasiyasında, əlbəttə ki, güzəştlər yolverilməzdir. Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimin yenidən məktəbdə çalışmalarının əleyhinəyəm. İki dəfə imtahandan keçməyən müəllimin ümumiyyətlə müəllimlik etmək haqqı yoxdur. Hətta sualların xarakterində də nə qədər sadəlik olub, suallarda qüsurlar olub. Bu qüsurlar olsa belə, müəllimlər bu qüsurları deməyiblər. Bu suallardakı olan qüsurlar testlərdəki qüsurlardır. Ancaq bu proseslərdə güzəşt ola bilməz, güzəşt yolverilməzdir. Mən arzu edirəm ki, təhsilin bütün pillələrində - təkcə sertifikat imtahanlarında yox, direktor təyinatında da güzəştlər olmasın. Direktor təyinatında əgər güzəşt edilirsə, ortada hansısa maraqlar varsa, bu ən böyük vətənə xəyanətdir. Direktor təyinatında, bağça müdirlərinin təyinatında tapşırıq varsa, sözsüz ki, belə hallar var, mövcuddur və bu ən böyük vətənə xəyanətdir", - deyə millət vəkili vurğuladı.
Humay İSGƏNDƏRLİ