Tədris ili 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq - ƏMR
2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin 2023/2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrdə bildirilib.
2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.
Elm və Təhsil Nazirliyi Aparatının Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələrinə (Elnur Əliyev, Vəfa Yaqublu), Uşaqların Müdafiəsi İdarəsinə (Məlahət Hacıyeva), Azərbaycan Respublikasının Təhsil İnstitutuna (Rüfət Əzizov) tapşırılsın ki, 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı yerlərdən daxil olan problem və təklifləri ümumiləşdirib Nazirliyin rəhbərliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.
Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri aşağıda qeyd olunan əlavə tədbirlər əhatə olunmaqla fəaliyyət planı təsdiq edib icrasını ciddi nəzarətdə saxlamalıdılar:
2022/2023-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi;
Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi;
tabeliklərindəki ümumi təhsil müəssisələrində təhsilalanların illik qiymətləndirmələrinin, buraxılış imtahanlarının, fənn olimpiadalarının nəticələrinin məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun qərarların qəbul edilməsi;
şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi;
şagirdlərin dərslərə müntəzəm davam etmələrini nəzarətdə saxlamaqla şagird davamiyyətinin qeydiyyat və hesabatlılığının vaxtında düzgün aparılmasının təmin edilməsi;
Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş layihələrin (STEAM, Rəqəmsal bacarıqlar və başqa) icrasına, “Ortaq türk tarixi”, “Zəfər tarixi” kurslarının təşkilinə, ümumtəhsil məktəblərində icbari təhsildən kənarda qalan şagirdlərlə işə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, ibtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi;
əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2023-cü ilin dekabr və 2024-cü ilin iyun ayında təsdiqedici sənədlər (protokollar, fotoşəkillər, cədvəllər və s.) əlavə olunmaqla hesabat təqdim edilməsi.