"Nəinki esse, normal cümlə qurub mətn yaza bilməyən şagird, tələbə və müəllimlər də var"
"Bu ilin 11 sentyabr tarixində Bakı təhsil işçilərinin konfransına dəvət olunmuşdum və maraqlı müşahidələrim oldu. Bakıdakı təhsil ocaqlarındakı statistik vəziyyətlə tanış olduq və müqayisə aparmaq üçün xeyli rəqəmləri qeyd etdik".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
"Nikbin notlarla yanaşı düşünürəm ki, Bakıda təhsilin uğuru heç də ali təhsil müəssisələrinə qəbul faizinin artımı ilə bağlı deyil. Bu artım hələ də məktəbdən daha çox repititorluq müəssisəsinin haqqı sayılmalıdır. Harada sinifdə 20 şagird əvəzinə 35- 40 şagird təhsil alırsa, bəri-başdan hansı bilgə müəllimi o sinifə göndərsən, keyfiyyətli dərs deyə bilməyəcək. Hökumət ilk növbədə bu problemi çözməlidir. Bu sahədə həm ölkə prezidenti, həm də Heydər Əliyev Fondu çox böyük işlər görür, ancaq yenə də məsələyə davam edən proses kimi yanaşılmalıdır. Ya yeni məktəb, ya da məktəbin yaxınında yer varsa, yeni korpuslar tikilməlidir. Gecəqondulaşan Bakı şəhərinə rayonladan işsizliyə, şəraitsizliyə görə, bəzən də konfort axtarışı ilə axın edən ailələrin hesabına məktəblər fast-food təhsil vermək zorundadır. Yəni 6 gün, iki növbəli təhsil rejimi özlüyündən təhsilin hədsiz yoruculuğunu yaradan başlıca amildir. Digər tərəfdən məktəbə öz ətrafına müdaxilə etmək imkanı verilməlidir. Qanuni-qanunsuz tikililər bir çox məktəblərin həyətinə daxıl olub və təhsilin ritmini pozur. Məktəbin qarşısında isə imtiyaz sahiblərinin qəlyanxanalarını, siqaret köşklərini yığışdırmaq mümkün deyil. Narkomaniyanın ayaq açdığı məktəblərin siyahısını açıqca cəmiyyətə çatdırmaq lazım. Siqaret çəkən oğlan və qızların statistikası da ciddi şəkildə aparılmalıdır. Əksər məktəblərin stadionları, həyətləri o qədər daraldılmış ki, uşağın fasilədə fiziki gərginliyini azaldacaq sahəsi yox səviyyəsindədir", - deyə o, vurğulayıb.
F.Mustafanın sözlərinə görə, Azərbaycanda təhsillə bağlı müzakirələr hər zaman aktualdır:
"Ancaq bu müzakirələrin bir tərəfində təhsilə rəsmi məsuliyyət daşıyan vəzifəli şəxsin durması daha diqqətçəkicidir. Hər dəfə hörmətli təhsil naziri açıqlama verəndən sonra sanki ortalığa yaxşı və ya pis niyyətli bir söz güləşdirmə yarışı düşür. Mahiyyət bir tərəfdə qalır, sözün ucundan tutub ucuzluğa getməyə meyillənirlər. Yuxarıda məktəblə bağlı xeyli qüsurlar sadaladım. Ancaq hamımız bilirik ki, bu qüsurlar müstəqillik dövrümüzdən üzü bəri buraxılan boşluqlardır. Özündən əvvəlki dövrlərdən ağır miras almış indiki təhsil nazirinin bu problemləri düzəltməyə gücü yetəcəkmi? Məhz buradan məsələnin açılışana başlamaq istəyirəm. Gördüyüm budur: İradə var, istək var, ancaq qarşıda elə imtiyazlı kötüklərlə yanaşı cəmiyyətin də tolazladığı kəsəklər durur ki, bu, əslində vəziyyəti daha daha da çətinləşdirir. Sertfikatlaşdırma müəyyən qüsurları olsa da faydalı bir prosesdir, təhsilverənlərin keyfiyyətcə və məsuliyyətcə fərqləndirilməsini təmin edir. Məktəblərdə STEAM layihəsinin genişlənməsi çox ciddi yaradıcı məktəbli anlayışının formalaşmasına təkan verdi. Peşə təhsilinə diqqətin artırılması təhsilimizin unudulmuş qütbünü canlandırmış oldu. Hətta peşə təhsilini o səviyyə qaldırmamız lazımdır ki, uğurlu məktəblərin müəyyənləşməsi nə qədər şagirdin ali məktəbi deyil, məhz peşə yönümlü ixtisasları seçməsi üzərindən aparılsın".
Millət vəkili qeyd edib ki, ötən gün konfransda nazir Emin Əmirullayev maraqlı çıxış etdi və bir çox problemlərə düzünə toxunmağa çalışdı.
"Ancaq çıxışında olduqca ehtiyatla davranırdı ki, sözlərindən istifadə edərək yeni müzakirələr açmasınlar. Halbuki bu məsələdə daha cəsarətlə irəli gedilməlidir. Məhz müzakirə olunması üçün bu fikirlər açıqca səsləndirilməlidir. Söylədi ki; "Heç bir təhsil sistemi öz müəllimlərinin bacarığından yuxarı ola bilməz". Məgər doğru deyil? Müəllimi daha hazırlıqlı, savadlı və məsuliyyətli olan təhsil sistemi nələrə qadir olmaz ki? Məktəb sosial müavinət alma müəssisəsi deyil, bilgisi olanların bilik almaq istəyənlərə bilik ötürdüyü məkandır! Biliklə yanaşı, həm də şəxsiyyət yetişdirmək üçün addım-addım vacib əxlaqi komponentləri uşaqlara aşılamağı bacarmaqdır.
"Yüksək nəticə göstərən abituriyentlərin xeyli hissəsi fikirlərini öz fikirlərini doğru-dürüst ifadə etmək üçün esse yaza bilmirlər." Məgər doğru deyil? Nəinki esse, normal cümlə qurub mətn yaza bilməyən şagird və tələbələrin, hətta müəllimlərin bollluğunda yaşadığımızı necə görməzdən gəlmək olar?
Yaxud da ötənlərdə tələffüz edildiyi kimi, "şagirdlərin, tələbələrin çoxusu oxuduğu mətni anlaya bilmirlər". Tamamilə qatılıram bu irada. Və ya "məktəbəqədər təhsildə çalışanların yarısı ixtisas sahibi deyil". Halbuki dünyanın bütün inkişaf etmiş ölkələrində ən yetkin və savadlı kadrlar məhz bu sahədə təmərküzləşirlər.
Yəni gəldiyim qənaət budur ki, "Bunları niyə özünüz düzəldə bilmirsiniz?" sualı ilə qarşılaşsa belə, təhsil naziri haqlı olaraq öz sahəsindəki problemləri dilə gətirərək cəmiyyətə məhz təhsilin birgə məsuliyyət işi olduğunu xatırladırdı. Başqa cür hansısa islahatı uğurla başa çatdırmaq mümkün olmur", - deyə deputat qeyd edib.
Həmidə İBRAHİMLİ