"İki dəfə imtahandan kəsilən müəllimlər məktəbdə heç bir fəaliyyətə cəlb oluna bilməz"

 13:18 14.09.2023     1563

Xəbər verdiyimiz kimi, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Bir çoxları həmin müəllimlərə güzəşt edilməsinin tərəfdarı olaslar da, imtahandan keçməyən bir müəllimin məktəbdən uzalaşdırılmasını doğru sayanlar da çoxdur. Yəni belələrinə güzəşt olunmamalıdır. Elm və təhsil naziri Emin Əmrullayev də keçirdiyi brifinqdə bəyan etdi ki, təhsildə güzəşt etmək, vətənə xəyanət etmək deməkdir.

Lakin "vətənə xəyanət" açıqlamsından bir neçə gün sonra nazirin bir fikri yenidən ajotaj yaratdı. Bu dəfə isə Əmrullayev dedi ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin işinə yenidən baxılacaq.

Cəmiyyət isə nazirin bir-birini təkzib edən bu açıqlamalarını anlamağa çalışır.

Məsələ ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Redaktor.az-a danışdı.

Millət vəkili bildirdi ki, nazirin dediyi fikirlə tanışdır, amma onun fikirlərini şərh etmək istəmir:

"Qapı arxasında qoymayacaqlarsa, hansı işlə təmin edəcəklərsə, yaxın vaxtlarda bu bilinməlidir. Çünki dərs ilinin başlanmasına çox az vaxt qalıb. Digər tərəfdən isə müəllimlər ikinci dəfə imtahan verib imtahandan kəsiliblər, artıq bunu bütün cəmiyyət bilir. Bu gün Azərbaycanda belə bir situasiya var ki, valideyn uşağını birinci sinifə aparanda ən yaxşı ibtidai sinif müəllimini axtarır və bu müəllimlərin sinfində şagirdlərin sayı 30-u ötsə belə istəyirlər ki, övladını yaxşı müəllim adı qazanmış ibtidai sinif müəllimin sinfində yerləşdirsinlər. İndi iki dəfə imtahandan kəsilən müəllimin hansı reytinqi var ki, o, təzədən məktəbə qayıdanda valideyn ona üz tutsun?! Nazirin bu ziddiyyətli çıxışları barədə fikir söyləmək bir az çətinlik yaradır. Ancaq müəllim iki dəfə imtahandan kəsilibsə, bu, onun pedoqoji imicinə zərbədir. Əgər yenidən məktəbə qayıdacaqsa, fərz edək ki, ibtidai təhsil pilləsində hansısa bir məktəbdə vəzifə tutacaqsa, bunun özü də düzgün hal deyil. Əsas fakt ondan ibarətdir ki, müəllim iki dəfə çox aşağı bal yığıb, imtahandan kəsilib və o, pedaqoji fəaliyyətini davam etdirə bilməz. İndi əgər üçüncü dəfə nazir onlara şans verə bilirsə, müstəsna hal kimi versin. Ancaq qaydalara görə, qanunvericiliyə görə, həmin müəllimlər orta məktəbdə işləyə bilməzlər və iki dəfə imtahandan kəsilmək həmin məktəblərin pedaqoji nüfuzuna həddindən artıq böyük bir zərbədir. Bu gün uşaqlarını birinci sinfə aparan bütün valideynlərin müəllimlər haqqında informasiyaları var. Çünki haqlıdırlar, valideyn istəmir ki, onun övladı savadsız müəllimin yanında dərs alsın. Ümumiyyətlə, ibtidai təhsil pilləsində müəllim problemi var, bu sertifikasiya imtahanı o demək deyil ki, müəllimlərin tam potensialı burada açılır. Buarda da suallarda xeyli qüsurlar var, əgər bu qüsurlar varsa və belə sadə suallara cavab verməyən müəllimlər də varsa, mən düşünürəm ki, həmin müəllimlər məktəbdə heç bir fəaliyyətə cəlb oluna bilməz. Bir daha təkrar edirəm ki, bunu nazirin ziddiyyətli fikrinə münasibət olaraq demirəm".

Humay İSGƏNDƏRLİ