Heydər Əliyev Fondunun bu rayonlarda inşa etdiyi məktəblər istifadəyə verildi
Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir.
Redaktor.az xəbər verir ki, 2023-2024-cü tədris ili də istisna olmayıb.
Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev Göyçay, İsmayıllı və Qəbələdə yeni inşa olunan və əsaslı təmir edilən məktəblərdə olublar.
Göyçay şəhər 6 saylı məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılıb.
1969-cu ildə inşa olunan Göyçay şəhər 6 saylı tam orta məktəbin binası artıq istifadəyə yararsız vəziyyətə düşdüyündən Fond tərəfindən 2023-cü ilin yanvar ayından burada bərpa işlərinə başlanılmışdı. Qısa zamanda görülən işlər nəticəsində bir korpusu 3 mərtəbə, digər korpusları 2 mərtəbə olmaqla 4 korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib. Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Göyçay şəhərində, eləcə də Göyçayın Bəydövül, Kürdşaban, Alpout kəndlərində məktəb, körpələr evi və uşaq bağçalarının tikintisini həyata keçirib.
Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri ötən müddətdə İsmayıllı rayonunu da əhadə edib. Bugünədək Fond tərəfindən İsmayıllı şəhərində, eləcə də rayonun müxtəlif kəndlərində orta məktəb, uşaq bağçaları istifadəyə verilib. Heydər Əliyev Fondunun yeni tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində gördüyü işlərə biri də əlavə olunub. Fondun təşəbbüsü ilə burada 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina tikilib. 1979-cu ildə inşa olunmuş İsmayıllı şəhər 4 saylı tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən bu ilin yanvar ayında başlanılan tikinti işləri nəticəsində 3 korpusdan ibarət təhsil ocağı inşa olunub.
Məktəb zəruri avadanlıq, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə yanaşı, açıq idman meydançası da istifadəyə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Fondun təhsillə bağlı digər layihəsi isə Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılmışdır. Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil. Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də Fondun təşəbbüsü ilə inşa olunub.
2023-2024-cü tədris ilində istifadəyə verilən 2 mərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir.
Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Fond “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib.
Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.