"İşğaldan azad olunan rayonlarda müasir peşə təhsili infrastrukturu yaradılacaq" - Nazir

"İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq".
Redaktor.az xəbər verir ki, bu fikirləri 15 sentyabr - "Bilik Günü" münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.
"Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq", - deyə nazir qeyd edib.