Psixoloq məktəblərin açılması ilə əlaqədar valideynlərə çağırış etdi
"Uşaqlar unutmamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər valideynlərin onlara qarşı münasibətini dəyişmir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Leyla Hacıyeva deyib.
Onun sözlərinə görə, valideynlər övladların müsbətyönümlü bilik və bacarıqlarını tərifləyib, dəstəkləməlidir:
"Məktəblə bağlı yeni tələblərə uyğunlaşmaqdan daha çox uşağın bacara bildiyi vərdişlər üzərində dayanmaq və onları dəstəkləmək daha məqsədəuyğundur. Təhsil zamanı aşağı qiymətlər aldığı təqdirdə uşaqların cəzalandırılması, danlanılması özgüvəninin aşağı düşməsinə, yalan danışmasına, dərs prosesindən soyuması ehtimalını artırır.
Uşağın bilik və bacarıqlarını məktəbəqədər dövr və məktəbli olduqdan sonra müqayisə edin. Müsbətyönümlü bilik və bacarıqlarını tərifləyib, dəstəkləyin. Təhsil alarkən valideynlərin gözləntilərinə cavab verməsə də, uşaqların bu yönümdə göstərdiyi çalışqanlıq səviyyəsi doğru və düzgün qiymətləndirilməlidir. Hətta bəzi hallarda uşaqlar aşağı qiymət aldıqları zaman düşdükləri psixoloji durum və keçirtdikləri həyəcan nəticəsində valideyn, o cümlədən digər ailə üzvlərinə bu barədə məlumat verməkdən belə çəkinirlər. Sonda belə vəziyyət uşaqların qapalı olmalarına və danışmamalarına gətirib çıxarır. Uşaqlar unutmamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər valideynlərin onlara qarşı münasibətini dəyişmir, övladlar eyni dərəcədə sevilir və dəstəklənirlər".
Psixoloq vurğulayıb ki, təlaşlı olan uşaqlar uzun zaman diqqətlərini bir obyektə yönəldə, dərslərə fokuslana bilmir, unutqan və dağınıq olurlar:
"Kiçik detallara diqqət etməkdə çətinlik çəkir, çox sadə şeylərdə səhvlər edə bilirlər. Eyni zamanda tapşırıqları sona qədər yerinə yetirməkdə və müəllimi dinləməkdə çətinlik çəkirlər. Bu isə məktəbdə uğursuz göstəricilərlə nəticələnir. Ona görə də parta üzərində maksimum az əşyanın olmasına, məktəb vəsaitlərinin oyuncaq tipli deyil, daha sadə olmasına diqqət yetirilməlidir".