Vahid Əhmədov Qubada məktəbin açılışında iştirak etdi - FOTO
Sentyabrın 19-da Quba rayonunun Pirvahid və Bağbanlı kəndlərində Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri əsasında inşa olunan iki yeni məktəb binası istifadəyə verilib. Açılış mərasimlərində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Quba-Xaçmaz Regional Təhsil İdarələrinin, Quba rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Vahid Əhmədov iştirak edib.
İlk öncə, Ramin Dadaşov adına Pirvahid kənd tam orta məktəbinin açılış mərasimi baş tutub. Mərasimdən öncə, vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra, tədbir iştirakçıları çıxış edərək, Quba rayonunda və ölkədə gedən sosial- iqtisadi inkişafdan,təhsil sahəsindəki uğurlardan, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə ayırdığı diqqət və qayğıdan danışıblar. Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Millət vəkili Vahid Əhmədov yeni məktəb binasının açılışı ilə əlaqədar bütün kənd sakinlərini, eləcə də məktəbdə təhsil alacaq şagirdləri təbrik edib,onlara uğurlar arzulayıb. Təhsil sahəsinin Azərbaycan dövləti üçün prioritet sahə olduğunu qeyd edən çıxışçılar, bu sahənin inkişafına diqqətə görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident,Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildiriblər. Heydər Əliyev fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan məktəblərin regionlarda təhsil səviyyəsini yüksəltdiyini qeyd edilib.
Növbəti açılış mərasimi Quba rayonunun Bağbanlı qəsəbəsində olub. Tədbir iştirakçıları Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbinin yeni binası ilə tanış olub, məktəbin kollektiv və şagirdlərinə müvəffəqiyətlər arzulayıb.