Məktəblərdə ərəb dili tədris olunur, amma dərslik verilmir... - Nazirlikdən AÇIQLAMA

 18:08 27.09.2023     633

Paytaxtda bəzi orta məktəblərdə ərəb dili tədris olunur. Ancaq dərs tədris olunsa da, şagirdlərə məktəb tərəfindən kitab verilmir. 

Qeyd edək ki, Bakıda ərəb dili dərsliyini yalnız bir mağazadan almaq mümkündür. Valideynlər həmin kitabı 12 manatdan almağa məcburdur. Müəllifi Çinarə Köçərli olan ərəb dili dərsliyi heç Elm və Təhsil Nazirliyi tərəfindən də təsdiq olunmayıb.

Məsələyə aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Redaktor.azn sorğusuna cavab olaraq bildirildi ki, hazırda ərəb dili 9 ümumi təhsil müəssisəsində tədris olunur:

"Bunlardan birində ərəb dili birinci xarici dil kimi, digər 8 məktəbdə isə ikinci xarici dil kimi tədris edilir. Birinci xarici dil kimi I – V siniflər üçün dərsliklərin rəqəmsal versiyaları ilə trims.edu.az portalında tanış ola bilərsiniz. İkinci xarici dil üzrə dərsliklərin hazırlanması prosesinə nisbətən gec başlanılmışdır. Növbəti illərdə ikinci xarici dil kimi ərəb dili dərsliklərinin də hazırlanması nəzərdə tutulur".

Nazirliyin cavabından da göründüyü kimi, növbəti illərə kimi ikinci xarici dil kimi ərəb dili keçən şagirdlər baha qiymətə dərslik almalı olacaqlar...

Humay İSGƏNDƏRLİ