Dərsliksiz tədris olunan ərəb dili - Problem niyə həllini tapmır?
Xəbər verdiyimiz kimi, paytaxtda bəzi orta məktəblərdə ərəb dili tədris olunur. Ancaq dərs tədris olunsa da, şagirdlər dərsliklərlə təmin olunmur.
Qeyd edək ki, Bakıda ərəb dili dərsliyini yalnız bir mağazadan almaq mümkündür. Valideynlər həmin kitabı 12 manatdan almağa məcburdur. Müəllifi Çinarə Köçərli olan ərəb dili dərsliyi heç Elm və Təhsil Nazirliyi tərəfindən də təsdiq olunmayıb.
Elm və Təhsil Nazirliyindən cavab olaraq bildirildi ki, hazırda ərəb dili 9 ümumi təhsil müəssisəsində tədris olunur:
"Bunlardan birində ərəb dili birinci xarici dil kimi, digər 8 məktəbdə isə ikinci xarici dil kimi tədris edilir. Birinci xarici dil kimi I – V siniflər üçün dərsliklərin rəqəmsal versiyaları ilə trims.edu.az portalında tanış ola bilərsiniz. İkinci xarici dil üzrə dərsliklərin hazırlanması prosesinə nisbətən gec başlanılmışdır. Növbəti illərdə ikinci xarici dil kimi ərəb dili dərsliklərinin də hazırlanması nəzərdə tutulur".
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi isə qeyd etdi ki, ölkəmizdə xarici dil olaraq ingilis, ərəb, fars, alman, fransız və rus dilləri keçirilir.
Onun sözlərinə görə, burada əsas baza dil olaraq ingilis dili, digərləri isə həm əsas dil ola bilir, həm də ikinci dil kimi tədris olunur:
"Ölkəmizdə müəyyən şəxslər var ki, məsələn, səfirlik əməkdaşları, konsulluq əməkdaşları ola bilər və yaxud da etnik azlıqlar, yəni az sayda həmin dildə danışan insanlar üçün ərəb dilində və yaxud da fars dilində tədris alması nəzərdə tutulur. Əlbəttə, yəni burada haqlı sual oluna bilər ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə dərsliklər hazırlamalı və çap etməlidir. Təbii ki, bunlar hansı məktəblərdə tədris olunursa, öncədən hazırlanmalı və təqdim olunmalıdır. Hazırda əgər Elm və Təhsil Nazirliyi deyək ki, bu istiqamətdə iş görməyibsə, ən azı hansısa müəllifin dərsliyi varsa, onun monitorinqi aparılmalı və əgər həmin dərslik müvafiq olaraq mövcud tədris proqramına uyğunluq təşkil edirsə, müsbət qərar verilib, məhz həmin dərslik üzərindən nəşri həyata keçirilə bilər. Təbii ki, buna da Elm və Təhsil Nazirliyi və onun tabeliyində Təhsil İnstitutu dərsliklərin nəşr olunması ilə bağlı hansı məsul qurumlar varsa, məhz onlara baxmalıdır".
Həmidə İBRAHİMLİ