Abituriyentlərin əksəriyyəti məhz bu universitetdə təhsil almağa meyilli olacaq - Ekspert açıqladı
"Azərbaycanda tibb təhsilini yalnız Azərbaycan Tibb Universiteti və Moskva Dövlət Universitetinin filialıl verir. Ona görə də ölkədə tibb istiqamətində rəqabət yoxdur".
Bu sözləri Ağdamda tikiləcək Qarabağ Universitetində tibb təhsilinin verilməsi haqqında Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi söylədi.
Ekspert dedi ki, əksər tələbələr Azərbaycan Tibb Universitetinin təhsilindən bir o qədər də razı qalmadıqları üçün artıq rezidentura təhsili üçün ölkədən kənara çıxır.
"Dünyanın müxtəlif ölkələrində, xüsusilə Almaniyada yetəri qədər azərbaycanlı həkimlər çalışır. Bunun da təbii ki, əsas başlıca səbəbi ölkədə Tibb Universitetindən başqa tibb istiqaməti üzrə kadr hazırlığının olmaması onları məcbur edirdi ki, rəqabət olmadığı üçün kənara çıxsınlar. Ona görə düşünürəm ki, mütləq Qarabağ Dövlət Universitetində tibb ixtisası mütləq olmalıdır, eyni zamanda tibbə aid olan ixtisaslar, hansı ki, stomatologiya, fizioterapiya kimi ixtisaslar mütləq orada öz əksini tapmalıdır. Bunun paralelində düşünürəm ki, Qarabağ Dövlət Universitetində mövcud əmək bazarı araşdırılmaqla, dünyada perspektiv vəd edən ixtisaslar açılmalıdır. İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kosmik texnologiya mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlıq mühəndisliyi və s. ixtisaslar mütləq Qarabağ Dövlət Universitetində yaradılmalıdır. Müasir dövrdə tibb istiqamətində biotibbi texnologiya mühəndisliyi də yetişir və düşünürəm ki, bu istiqamətdə də ixtisaslar açılmalıdır. Qarabağ Dövlət Universitetində bu ixtisasların olması ümumiyyətlə rəqabətin gedəcəyi anlamı verir. Düşünürəm ki, artıq Azərbaycan abituriyentlərinin əksəriyyəti məhz Qarabağ Dövlət Universitetindəki tibb istiqaməti üzrə təhsil almağa meyilli olacaqlar".
E.Əfəndi onu da vurğuladı ki, bu universitet bölgənin inkişafına çox mühüm təsir edəcək:
"Bildiyiniz kimi, Xankəndidə universitet var, öz fəaliyyətini davam etdirəcək. Oraya qəbul Azərbaycan Dövlət İmtahan Mərkəzinin mövcud qəbul qaydaları əsasında həyata keçiriləcək. Eyni zamanda, düşünürəm ki, burada yeni ixtisaslar yaradılacaq. Şuşada da gələcəkdə məhz konservatoriya yönümlü bir universitetin və yaxud ali təhsil müəssisəsinin yaradılması gözlənilir. Artıq üç universitetin məhz həmin bölgədə, Qarabağ iqtisadi zonasında mövcudluğu, istər əhalinin, istərsə də həmin regionun inkişafına çox mühüm töhfə verəcək".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Ağdamda Qarabağ Universitetinin tikiləcəyini və orada tibb sahəsinin tədris olunacağını bildirib.
Humay İSGƏNDƏRLİ