"Həm "dövlət babam"ın hesabına məktəb yaradıb, həm də öz vətəndaşlarına böyük məbləğə təhsil verir"

 12:52 11.10.2023     545

Özəl məktəblərdə ödənişin yüksək olması məsələsi gündəmdən düşməyən mövzulardan biridir. Bir neçə gün əvvəl də Milli Məclisin plenar iclasında bu məsələyə toxunuldu.

Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev özəl məktəblərdə təhsilin qiymətinin çox olmasına diqqət çəkmişdi. Millət vəkili özəl məktəblərdə illik təhsil haqqının 17 min manat olmasından narazılığını ifadə etmişdi.

Sözügedən məsələ ilə bağlı Redaktor.az-a danışan deputat Etibar Əliyev dedi ki, bu cür baha olan məktbələr elitar məktəb ola bilməz:

"Kimin pulu varsa, gedir, təhsil alır. Düşüncəmə görə, heç bir istedada diqqət yetirilmir və bu məktəblər ən azından 10-15 faiz yoxsul, lakin istedadlı uşaqlara da kvota ayırmalıdırlar. Bu istedadın heç də varlı-kasıblıqla əlaqəsi yoxdur. İstedad Allah tərəfindən verilir və yaxud da uşaqlar biliklərini inkişaf etdirirlər və müəyyən istedad qazanırlar. Mən bu təhsil haqlarını çox yüksək hesab edirəm. Bütün özəl məktəblərdə təhsil haqları yüksəkdir və bir çox hallarda, valideynləri və şagirdləri azdırmağa çalışırlar ki, yeni kurikulumlar tətbiq olunur, uşaqların təbiət elmlərinə marağını artırırlar və ona görə də özgə dildə təhsilin qiymətini yüksəklərə qaldırırlar. Çox maraqlı bir faktdır ki, bu məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti dövlət vəzifəsində işləyən şəxslər olublar. Dövlətdə yüksək vəzifə tutan o şəxslər qazandıqları pulun hesabına məktəb tikiblər. Həm mənim "dövlət babam"ın hesabına yaradıb, həm də Azərbaycan vətəndaşlarına böyük məbləğ hesabına təhsil verirlər. Eşitmisinizmi, hansısa imkanlı bu dediyimiz tip məktəb yaradır və pulsuz təhsil verir? Belə bir hadisəyə heç kim rast gəlməyib. Əsas məsələ çoxlu pul qazanmaqdır. Mən adamlar tanıyıram ki, yüksək vəzifə tutub, 5 uşaq oxudurlar o məktəblərdə və aylıq gəlir təxminən 70-80 min manata çıxır. Bu bir az da reklamdır. Heç görürsünüzmü ki, televiziyalar bir dövlət məktəbini reklam etsinlər? Özəl məktəbləri reklam edirlər və insanlar da gedib külli miqdarda vəsait qoyurlar ki, övladları yaxşı təhsil alsın. Bizim insanların bir müsbət keyfiyyət kimi qəbul edilib ki, uşaqlarına yüksək təhsil vermək üçün nə olsa edirlər, hətta bankdan kredit də götürürlər ki, övladları yaxşı təhsil alsın. Ancaq qarşı tərəf də insaflı olmalıdır".

Qeyd edək ki, Bakıdakı özəl məktəblərdə təhsil haqqı 5800 manatdan başlayaraq 17 000 manatadəkdir. Məsələn, təhsil ingilis dilində aparılan “Sabis Sun” Beyəlxalq Məktəbində ibtidai siniflər üçün illik təhsilhaqqı 15 000, yuxarı siniflər üçün isə 17 000 manatdır. İngilis dilində təhsil verən “Baku Oxford School”da da ibtidai siniflər üçün qəbul qiymətləri 16500,  VI-VIII siniflərdə illik təhsilhaqqı 16800, IX-XII siniflərdə isə 17000 manat müəyyənləşdirilib. 

Humay İSGƏNDƏRLİ