"Elmin təkcə dövlət büdcəsi hesabına maliyyələşməsi yetərli deyil" - Kamran Əsədov
"İlk növbədə qeyd edim ki, 2023-cü il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,5 milyon manat vəsait ayrılıb. Bu rəqəm 2022-ci illə müqayisədə 23,5 milyon manat və ya 11,5 faiz, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə isə 76,7 milyon manat və ya 50,5 faiz çoxdur. Ümumiyyətlə, qlobal səviyyədə inkişafın əsas şərtinin məhz elmin inkişafından asılı olduğu çoxdan qəbul edilib".
Bu sözləri Redaktor.az-a respublikamızda mövcud olan universitetlər elmin yükünü çiyinlərinə almaq iqtidarında deyillər fikirlərinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirdi.
Onun sözlərinə görə, iki ilə yaxın müddətdə dünyanı cənginə alan COVID-19 infeksiyasına qarşı mübarizə sahəsində yaşananlar bir daha göstərdi ki, elmin inkişaf etmədiyi ölkələr bu sahəyə diqqət yetirənlərdən asılı olmaqda davam edirlər:
"Bu kimi səbəblərdən dolayı iqtisadiyyatını inkişaf etdirmək istəyən hər bir ölkə ilk növbədə elm sahəsinə diqqəti artırır. ABŞ və ya inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, bu ölkələr ona görə davamlı iqtisadi inkişafa nail olub ki, bu inkişafın bünövrəsində, məhz konkret elmi əsaslandırma, əldə edilən elmi nəticələrin ölkə iqtisadiyyatına tətbiqi dayanır.
Sözsüz dünya təcrübəsində elm və təhsil bir-birinə inteqrasiya olunmuş formada əsasən bir yerdə - tədqiqat universitetlərində yerinə yetirilir. Amma hər ali məktəbə tədqiqat universiteti demək olmur. “Tədqiqat universiteti” statusunu fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elm tutumlu avadanlıqdan kollektiv istifadə mərkəzinin mövcud olduğu, aktual mövzularda müştərək araşdırmalar aparan universitetlərə verirlər. Müşahidə etsək, respublikamızda mövcud 54 universitetdən bu tələblərə cavab verənlərin sayı iki-üçdən artıq deyil. Sirr deyil ki, qısamüddətli təcrübə keçmək üçün elm müəssisələrinə gələn bakalavr və magistrantların böyük əksəriyyəti elmin əlifbasını bilmirlər".
Ekspertin fikirlərinə əsasən, buradan belə bir nəticəyə gəlmək olar ki, elmin təkcə dövlət büdcəsi hesabına maliyyələşməsi gözlənilən elmi-texniki tərəqqinin əldə edilməsi üçün yetərli deyil:
"Deməli, ənənəvi yanaşma saxlanılmaqla, qabaqcıl ölkələrin tətbiq etdiyi fərqli yanaşma da olmalıdır. Belə olan halda alimlərin əmək haqqının azlığı əsas gətirilərək büdcədən birbaşa maliyyələşən dövlət təşkilatı kimi bəlli xərclərin artırılması müzakirə predmetinə çevrilməyəcək. Nəzərə alsaq ki, 44 günlük Vətən Müharibəsinin yaratdığı reallıqlar var. Hazırda Azərbaycan yalnız özünün maliyyə resursları hesabına Prezidentin də dediyi kimi, Liviya dövləti böyüklükdə ərazini tamamilə yenidən bərpa edirsə, heç bir dövlət təşkilatları, o cümlədən elmi qurumlar büdcə xərclərindən onlara düşən məbləğinin artırılmasına cəhd etməməlidir.
Qısacası, Azərbaycanda da belə özəl və biznes sektorun məqsədli elm və inkişaf fondları olmalıdır ki, onlar qısa zamanda dönüş yarada biləcək elmi-texniki nəticələrin alınması istiqamətində iş görə bilsinlər. Xüsusən, dünyanın aparıcı elm mərkəzlərinin də önəm verdiyi kimi fizika-riyaziyyat və texnika elmləri, yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri sahələrini əhatə edən fundamental və tətbiqi xarakterli layihələrin qrantlar vasitəsilə maliyyələşdirilməsinə tam üstünlük verilməlidir".
Humay İSGƏNDƏRLİ