Hər il yenilənən test toplularında yatan SİRR
Bildiyimiz kimi, hər il Dövlət İmtahan Mərkəzi tərəfindən şagirdlər və abituriyentlər üçün test bankları hazırlanır. Ancaq bir çox valideylər hər il yenidən hazırlanan test bankında eyni sualların olması halından narazıdırlar. Onlar vurğulayırlar ki, istənilən testin əvvəl nəşr olunanını müəllimlər qəbul etmir. Mütləq şəkildə təzə test bankının alınmasını bildirirlər.
Əgər ciddi dəyişiklik yoxdursa, nə üçün hər il test topluları yenilənir?
Qeyd edək ki, bu haldan təkcə valideynlər deyil, müəllimlərin özləri də narazılıq edirlər.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin də mövqeyini öyrənməyə çalışdıq.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Redaktor.az-a açıqlamasında dedi ki, DİM tərəfindən buraxılış və qəbul imtahanlarının proqramına daxil olan fənlər üzrə nəşr olunan test topluları abituriyentlər üçün əsas yox, köməkçi vəsaitlərdir:
"Bu vəsaitlər mütəmadi təftiş olunaraq yenidən nəşr olunur. Bu zaman bir çox tapşırıqlar yeni dərsliklərdəki dəyişikliklər nəzərə alınmaqla ya yenidən redaktə edilir, ya da topludan çıxarılır. Eyni zamanda toplulara tapşırıqların ümumi sayının təqribən 10-15%-i qədər yeni tapşırıq daxil edilir. Hazırda bu qayda ilə yenidən nəşr olunan toplulardakı test tapşırıqlarının sayı, məzmunu və əhatə dairəsi qəbul proqramına daxil olan mövzuları əhatə edir.
Buna görə də yoxlama-ölçmə vasitəsi kimi öz aktuallığını itirməmiş tapşırıqların toplulardan çıxarılması məqsədəuyğun deyil. Çünki abituriyentlər əvvəllər olduğu kimi indi də bu tapşırıqlar vasitəsilə öz bilik və bacarıqlarını yoxlaya bilərlər. Ancaq bu toplular təyinatı üzrə istifadə edilməlidir. Onların əsas məqsədi abituriyentlərin bilik səviyyəsini yoxlamaqdır. Test tapşırıqlarını əzbərləməklə imtahana hazırlaşmaq mümkün deyil. Abituriyentlər bu tapşırıqlarla öz biliklərini yoxlamaqdan əvvəl məktəb dərsliklərindəki materialları dərindən öyrənməlidirlər".
Xanlar Xanlarzadə əlavə olaraq bildirdi ki, test topluları DİM tərəfindən abituriyentlər üçün təqdim edilən yeganə imkan deyil. İmtahana hazırlaşan abituriyentlər siniflər üzrə qiymətləndirmə kitabçaları, həmçinin www.otk.az portalı vasitəsilə ilə də fərqli çeşiddə və formatlarda (mövzular, siniflər və imtahan modeli üzrə) öz biliklərini yoxlamaq imkanından istifadə edə bilərlər.
Humay İSGƏNDƏRLİ