Xüsusi iclas keçirildi: BDU-da nə baş verir?

 16:07 13.10.2023     407

Bakı Dövlət Universitetinin tələbələrinə geyimlə bağlı xəbərdarlıq edilib.

Redaktor.az ölkə.az-a istinadla xəbər verir ki, bu iddia ilə BDU-da təhsil alan Məsmə Əliyeva sosial şəbəkələrdə çıxış edib. O bildirib ki, bunun üçün xüsusi iclas da keçirilib:

"Əksər fakültələrinin dekanları və dekan köməkçiləri toplaşıb “çox əhəmiyyətli” bir tədbir keçiriblər və qərar veriblər ki, artıq geyimlərimizə nəzarət eləsinlər. Bu gün dəyərli beynəlxalq ümumi hüquq müəllimimiz mühazirəyə başlamadan əvvəl bizə bu tədbirdə danışılmış olanları çatdırıb xəbərdarlıq elədi ki, “onsuz da sinifdə 92 nəfər var, nəfəs almaq olmur, mən də bundan sonra geyiminizin xoşuma gəlməməsini bəhanə edib sizi sinifdən çıxaracağam. Artıq universitetdə qızları və oğlanları bir-birindən ayırmaq olmur. Oğlanlar burnuna, qaşına sırğa taxır, saçını uzadır. Elə bilirsən, qızdır. Qızlar elə geyinir ki, baxmağa utanırıq”.

Mən “bunun təhsilimizlə nə əlaqəsi var?” deyəndə bizim fakültəyə layiq olmadığımızı dedi. Qrup yoldaşım dedi ki, biz hamımız 600-dən çox  bal toplamışıq. Tələbəyə əsəbiləşib üstünə qışqırdı, “sən dünən gəlmisən, mən 30 ildir burdayam, səni qara siyahıya saldım, ilk səni sinifdən çıxaracağam, əsas da saçına görə” dedi".

Ali təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, BDU-da tələbələrin geyimi ilə bağlı hər hansı qadağa mövcud deyil:

"Tələbələri yüksək təhsilə həvəsləndirməklə bərabər, professor-müəllim heyəti onlara siqaret və digər zərərli vərdişlərə qarşı, həmçinin onların asudə vaxtlarını səmərəli keçirmələri, səliqəli geyim tərzinə üstünlük vermələri ilə bağlı tövsiyələr verir", - açıqlamada deyilir.

22