Universitetlərimizin təcrübə problemi: "Hətta magistraturanı bitirənlərin də işə düzəlməsi müşkülə çevrilib"

 15:07 19.10.2023     1656

Ölkəmizdəki ali təhsil məktəblərində tələbələrə nəzəri bilkilər verilsə də, praktik vərdişlər çox az verilir, yaxud heç verilmir. Tələbələr bildirirlər ki, onlara dərsdən çox, təcrübə maraqlıdır. Ancaq Azərbaycan universitetlərində də istehsalat təcrübəsinə çox önəm verilmir. Yəni tələbələrin sözləri ilə desək, onları "yola verirlər". Əslində isə gələcək kadrların yetişdirilməsində təcrübənin önəmi çox vacibdir. Elə xaricə gedən tələbələr də bunu əsas gətirir ki, "mən kadr kimi yetişmək üçün xaricə üz tuturam". Ancaq illər sonra nə görürük? Ölkəmizdəki yüksək vəzifəli şəxslərin əksəriyyəti xaricdə təhsil alıb gələnlərdir. Səbəb isə onların kadr kimi yetişmiş olmasıdır. Qısacası, ali məktəblərimizdəki öyrədilməyən təcrübə danılmaz faktdır.

Bunun üçün hansı addımlar ata bilərik? Ali məktəblərdəki sağalmayan bu yaranın çarəsini nədə tapmalıyıq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov dedi ki, təhsil qanunvericiliyimizə əsasən təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirilib:

"Ancaq ali təhsilini başa vurub, müvafiq ixtisasa yiyələnən diplomçularımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşir. Özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar. İşə götürənlər onların lazımı təcrübəyə malik olmadıqlarını əsas gətirlər. Halbuki, “təcrübə” kütləvi ədəbiyyatda uzun müddət ərzində müşahidə, praktiki fəaliyyət və ya hər hansı bir təəssürat nəticəsində qazanılmış bilik və bacarıqlar toplusu kimi xarakteriza olunur. İndi gəlin görək, təhsilin məzmunu və təşkili ilə bağlı tələb olunan qaydalar hansı səviyyədə və nə dərəcədə reallığı əks etdirir və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin nəinki birinci pilləsini, ikinci pilləsini belə baş vuranların işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq. Halbukı, həmin praktik vərdişlərə qismən də olsa, elə universitet illərində yiyələnmək və lazımı təcrübəni qazanmaq olardı. Əgər ali təhsil müəssisələrində praktiki işlərə əmək bazrının tələblərinə cavab verə biləcək səviyyədə təminat verilmirsə, bu halda hansı təcrübədən söhbət gedə bilər".

Mütəxəssis vurğuladı ki, buna görə də mövcud tələblərə cavab verə biləcək kadr kimi yetişmək və ixtisasına uyğun işlə təmin olunmaq üçün bir çox gənclərimiz xaricə üz tuturlar:

Onun sözlərinə görə, dünyada bir çox xarici ölkələrin ali məktəblərinin kampuslarının olması təcrübəsi var.

"Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, işləməsi, istirahəti üçün bütün sosial obyektlərlə, texnoparklarla, tələbələrinin tədqiqatlar aparacağı, təcrübə toplayacağı, praktik vərdişlərə yiyələnə biləcəyi bütün infrastrukturla təmin olunub. Tədris olunan dərslərin effektivliyini artırmaq üçün müasir texnologiyaların olduğu auditoriyaların, laboratoriyaların, bir çox sosial və texniki təsisatların olması zəruridir. Bizim universitetlərdə də bu kimi şərait yaradılsa, bu zaman tələbələrimiz universitetləri bitirməzdən öncə lazımi təcrübə qazanmış olarlar. Təəssüf ki, bizim bir çox universitetlərin qapıları izdihamlı küçə və prospektlərə açılır. Elm, təhsil və istehsalat əlaqələrimiz lazımı səviyyədə deyil. Elm, təhsil və istehsalat əlaqələrinin vahid mərkəzdən idarə olunması sahəsində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən istifadəyə lazımi diqqət yetirilmir. Halbuki bir çox ölkələrdə elm, təhsil və istehsalat əlaqələrinin inteqrasiyası məqsədilə aparıcı universitetlərin və sənaye şirkətlərinin elmi potensialları vahid mərkəzlər tərəfindən prioritet problemlərin həllinə yönəldilib. Bu gün elm, təhsil və istehsalat əlaqələrinin inteqrasiyası qlobal çağırışlar kontekstində son dərəcə vacib məsələlərdən biridir. Heç də təsadüfi deyil ki, ölkə başçısının 28 iyul 2022-ci il tarixli fərmanına əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu nazirliyə həvalə edilib", - deyə Nadir İsrafilov vurğuladı.

Məsələ ilə bağlı fikirlərini bölüşən filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli söylədi ki, hal-hazırda ali məktəblərdə bir çox ixtisaslarda 21 krediti və daha çox tədrisi əhatə edən təcrübə saatları mövcuddur, hətta Yekun Buraxılış Dövlət imtahanları da tamamilə ləğv edilərək, təcrübənin təkmilləşdirilməsi nəzərdə tutulub:

"Bu saatlar əgər, həqiqətən də, faydalı təşkil olunarsa, kifayət qədər praktik əhəmiyyət daşıyır. Təbii ki, bu məqamda təcrübəyə ayrılan saatla yanaşı, təcrübənin təşkil edildiyi məkan, metodlar və təşkilatçılar da xüsusi önəm daşıyır. Digər tərəfdən də, nəzəri fənlərlə yanaşı, tədris qrafikində praktik fənlərə saatlar ayrılır. Tələbələrin bu iradları əslində normaldır, çünki işçi mühitdə məlum olur ki, nəzəri biliklərin praktikaya tətbiqində tələbələr çətinlik çəkir. Bu baxımdan da, son illər sırf bu sahədə dəfələrlə müzakirələr aparılır, ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqəli şəkildə ixtisasların verilməsi, tədris qrafiki və saatlarının sırf əmək bazarına uyğunlaşdırılması təklif olunub. İşə götürənlər və ali təhsil müəssisələrinin tələb və təklifləri üst-üstə düşərsə bu problem öz həllini tapar".

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

2