"Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı real addımlar atmalıdır" - Ceyhun Məmmədov

 17:24 23.10.2023     5242

Tələbələrin unvirsitetdə tədris olunan dərslə bağlı kitab tapmaları müşkülə çevrilib. Xüsusilə Tibb Universitetində təhsil alan tələbələr dərslik cəhətdən çətinlik şəkir, rus dilində olmasından şikayətçidirlər. Bu problem də uzun illərdir ki, həllini tapmır. Tələbələr qalaq-qalaq "kserokopiya" vasitəsilə tibb öyrənirlər. Nəinki tibb oxuyan, elə bütün tələbələrin əsas dərsliyi "kserokopiya"lardır.

Bəs məsələnin həllini nə zaman həllini tapacaq? Yüksək səviyyəli kadrlar hazırlamaq üçün nələri etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da bu gün Azərbaycan ali təhsilində ən böyük problemin dərsliklər olduğunu bildirdi:

"Universitetlərimizin mütləq əksəriyyəti dərsliklərin yazılmasında maraqlı deyillər və bununla bağlı heç bir ciddi addım atmırlar. Bəzən bunu xarici təcrübə ilə əlaqələndirirlər. Mən bunu düzgün hesab etmirəm. Hesab edirəm ki, bu məsələ həllini tapmalıdır. Təəssüf ki, bu gün bir çox universitetlərimizdə hələ də rus dilində, hələ də 80-ci, 90-cı illərdə yazılmış dərsliklərdən istifadə olunur və bu gün dərsliklərin yenilənməsi üçün heç bir real addım atmırlar. Yəni bu təkcə tibb universitetində deyil, özünü digər universitetlərdə də göstərir.

Bəzən müəllimlər tələbələrə "PDF"lər atırlar, dərsi telefondan atırlar, telefondan da atdıqları üçün uşaqların gözünə ziyandır. Həm effektli deyil. Mən hesab edirəm ki, hər bir universitet dərslik işinə xüsusi həssaslıqla yanaşmalıdır. Azərbaycan reallığında hər bir fənnin mütləq dərsliyi olmalıdır, yəni xaricdəki kimi deyil. Bizdə sistem fərqlidir və reallıq fərqlidir. Mən rektor işləyəndə hər bir müəllim qarşısında vəzifə qoydum ki, hər kəs tədris etdiyi fənnin dərsliyini yazmalıdır. Yəni biz bir plan tərtib etdik və başladıq müəllimlərdən tələb eləməyə ki, siz tələbələr üçün dərslik yazmalısınız və müəyyən mənada bu yolla məsələni həll eləməyə çalışdıq. Bu problem qismən də olsa həll olundu. Ona görə universitetlərimizin bu məsələyə qeyri-ciddi yanaşmaları, heç bir addım atmamaları normal bir hal deyil və bu təhsilə də çox ciddi problemlər yaradır. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi də bu məsələ ilə bağlı ali təhsil müəssisələrinə göstərişlər verməlidir və bu məsələnin həlli üçün də real addımlar atmalıdır. O zaman biz müəyyən nəticələrə nail ola bilərik".

Humay İSGƏNDƏRLİ