"Bu universiteti o qədər göylərə qaldırmışdılar ki, hamısı yalan imiş" - Deputat
Xəbər verdiyimiz kimi, bir müddət öncə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamı açıqlanmışdı. Sərəncama əsasən, ən yüksək bal toplayaraq tələbə adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsünə əsasən, ən çox Prezident təqaüdçüsü Bakı Ali Neft Məktəbindədir. Siyahıya paytaxtda yerləşən bir neçə universitet və Naxçıvan Dövlət Unviersiteti daxildir.
Ancaq maraqlı məqam odur ki, Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsündə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin ADNSU, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) adı yoxdur. Adları yetərli qədər nüfuzlu olan bu universitetlərdə prezident təqaüdçülərinin olmaması cəmiyyətdə də birmənalı qarşılanmır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev söylədi ki, ADNSU, ADPU əsrin əvvəllərində yaradılıb, Texniki Universitet həmçinin XX əsrin əvvəllərində yaranıb, amma siyahıda adları yoxdur:
"Ancaq yeni yaradılan universitetlər sürətli inkişaf edirlər. Məsələn, Bakı Ali Neft Məktəbi, ADA. Siyahıda Tibb Universitetindən olan prezident təqaüdçülərin sayının çox olmasına gəlincə, sırf Azərbaycanda tibblə bağlı baza təhsil Tibb Universitetində yerləşdiyinə görə tələbələrin əksəriyyəti onları seçirlər. Pedaqoji Universitetdə, Neft və Sənaye Universitetində, eyni zamanda Texniki Universitetdə prezident təqaüdçülərinin olmaması bir qədər təəssüf doğurur. Bu hal tələbə adını qazanmışların birbaşa özlərinin seçimidir. Yəni onlar bilirlər hansı ali məktəbdə hansı səviyyədə təhsil verilir, professor və müəllim heyətinin səviyyəsini bilirlər, təhsil mühitini bilirlər. ADNSU-nu o qədər göylərə qaldırmışdılar, o qədər imitasiya yaratmışdılar ki, adam sanki təəccüblənirdi ki, bunlar artıq Qərbin ən yaxşı universitetlərinə yaxınlaşır, hamısı yalan imiş. Hətta onların nəzdində UFAZ-da da bir tələbə təqaüdə layiq görülüb. Naxçıvan Dövlət Universitetindən də bir tələbə, prezident təqaüdünə layiq görülüb. Təkcə bu göstərici deyil, bu ali məktəblər reytinq cədvəllərində yer almırlar. Onu göstərir ki, bu universitetlərdə təhsil islahatları aparılmırmış və geniş imitasiyalara yer verilir ki, bu da cəmiyyətin müəyyən dövrdə aldada bilər".
Millət vəkili vurğuladı ki, müəllim ixtisasını seçənlər arasında yüksək bal toplayanların sayı azdır:
"Yeni yaradılmış universitetlər islahatlara açıqdırlar, yeni yaradılmış universitetlərin rektorları, təhsil prosesinin məzmunu, eyni zamanda professor müəllim heyətinin seçimini yaxşı bildiklərinə görə prezident təqaüdçüləri bu ali məktəbləri seçmək yolunda qalırlar".
Humay İSGƏNDƏRLİ