"Getdikcə müxtəlif sahələrdə kişi mütəxəssis tapmaq çox çətin olacaq" - Deputatdan HƏYƏCAN TƏBİLİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il məlumatına görə, 1993-2021- ci illəri əhatə edən statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstündür.
Məlumatda qeyd olunur ki, 2022-ci ildə keçirilmiş qəbul imtahanlarında 600-700 bal intervalında nəticə göstərən abituriyentlərin 53,4%-i qızlar, 46,6%-i isə oğlanlar olub. Həmçinin 500-599 bal intervalında nəticə göstərənlərin 55,1% qızlar olub.
Uzun illər ərzində qadınların ali təhsilə daha çox meyl etməsi diqqət çəkən məsələdir.
Eyni zamanda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva isə deyib ki, ali təhsil müəssisələrinə daxil olmayan oğlanlar əsgərlikdən qayıtdıqdan sonra iş tapa bilmir:
"Çünki nə sənətləri, nə peşələri olur. Belə gənclər 11 ildən sonra peşəsiz orduya çevrilir. Hamı ali təhsilli ola bilməz ki... Belə gəncləri peşə təhsili sahəsinə yönəltmək lazımdır. Ora daxil olan gənclər bəzən təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil ocaqlarını tərk edirlər".
Beləliklə oğlanların ali təhsil almaq maraqlarının az olması bir daha özünü sübut edir.
Hər iki məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, son vaxtlar həm məktəblərdə, həm universitetlərdə qadınların daha fəal olması özünü açıq şəkildə büruzə verir.
"Yəni bu gün bu məsələ düşündürməlidir. Proses ona gedir ki, getdikcə müxtəlif sahələrdə kişi mütəxəssis tapmaq çox çətin olacaq. Getdikcə qız mütəxəssislərin sayı daha da artır və bu reallıqdır ki, bu gün qızlar daha çox oxuyurlar, mütaliə edirlər, daha çox üzərlərində işləyirlər. Bu da ona aparacaq ki, gələcəkdə bütün sahələrdə qızlar daha çox olacaq. Bu bir tərəfdən yaxşıdı, amma digər tərəfdən oğlanların təhsilə meylinin az olması üçün araşdırmalar aparılmalıdır, həyəcan təbili çalınmalıdır. Əvvəlki dövrlərdə Təhsil Problemləri İnstitutu var idi və təhsillə bağlı araşdırmalar aparılırdı. Mən hesab edirəm ki, bu gün təhsilimizdə olan problemlərlə bağlı çox ciddi araşdırmalar aparılmalıdır və səbəblər ortaya qoyulmalıdır. Hazırda bununla bağlı heç bir real iş və addım atılmır. Yəni problemləri biz qaldırırıq, amma bu məsələlər həllini tapmır. Oğlanların yenidən təhsilə qaytarılması, təhsilə marağının artırılması üçün biz ciddi addımlar atmalıyıq. Səbəbləri araşdırıb, bu səbəblərin əsasında müəyyən qərarlar qəbul edilməlidir və addımlar atılmalıdır ki, biz qarşımıza qoyduğumuz hədəf və məqsədlərə nail olaq. Gələcəkdə həm hərbidə, həm polisdə, həm də təhlükəsizlikdə oğlan işçilər tapmaq çox çətin olacaq. Ona görə bu, elə belə məsələ deyil. Bunun səbəbində ailələrin rolu da durur, əsgərlik ilə heç bir əlaqəsi yoxdur. Oğlanlar daha telefona, sosial şəbəkələrə, dərsdən yayınmağa çox meyl göstərirlər. Ona görə burada çox ciddi bir işin aparılmasına ehtiyac var", - deyə millət vəkili bildirdi.
Humay İSGƏNDƏRLİ