Braziliya səfiri ADU-da - FOTO

 17:40 30.10.2023     917

Bu gün Braziliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Dillər Universitetinin (ADU) "Səfir saatı" layihəsinin qonağı olub. 

Redaktor.az xəbər verir ki, Universitetin rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib. 

Qeyd olunub ki, ADU tələbələri portuqal dilinə böyük maraq göstərir və müəllimlər tələbələrə portuqal dilinin sirlərini dərindən öyrədirlər. Portuqal dilinin öyrənilməsi Braziliya mədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği deməkdir:

“Biz çox istərdik ki, Braziliyada da Azərbaycan mədəniyyəti, dili təbliğ olunsun. Bunun üçün bizim əlaqə qurduğumuz universitetdə Azərbaycan dili ilə bağlı təbliğat işlərinin görülməsi vacib məsələlərdən biridir.

Qarşılıqlı müəllim-tələbə mübadiləsi bizə yeni elmi imkanların əldə olunması üçün əlverişli şərait yaradacaq. İnanıram ki, bu istiqamətdə də uğurlu nəticələri əldə edə biləcəyik”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Bu təhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirən diplomat "Səfir saatı" layihəsində tələbələrlə görüşdən xoş təəssüratla ayrıldığını deyib. 

Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və tərfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu inkişaf özünü elmi, mədəni sahələrdə də göstərməkdədir.

Görüşdə gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın yeni perspektivləri müzakirə olunub.