"Onların ya tamamilə uzaqlaşdırılması, ya da..." - Deputat müəllimlərin sertifikasiya imtahanından DANIŞDI

 12:49 31.10.2023     2692

Məlum olduğu kimi, yüzə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilib.

Bu qədər müəllimin kəsilməsi sosial şbəkələrdə müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, uzun müddətdir bu məsələ gündəmdədir.

Onun sözlərinə görə, proses ona doğru gedir ki, artıq sertifikasiya bizim təhsilin bir tərkib hissəsinə çevrilib:

"Artıq Elm və Təhsil Nazirliyinin apardığı siyasət ondan ibarətdir ki, mütləq müəllimlər sertifikasiyadan keçməlidir və qanunvericilikdə də bütün bu məsələlər nəzərdə tutulur. Uzun müddətdir bu məsələ ilə bağlı müəllimlərə tövsiyələr verilir. Müəllimlərlə müzakirələr aparılır və onlar da bilir ki, bu məsələ xüsusi önəm daşıyan və prioritet bir məsələdir. Ona görə də müəllimlər özləri bu prosesə hazır olmalıdır. Yəni artıq müəllimlər bilməlidir ki, onlar biliklərini artırmalıdırlar, savadlarını artırmaqda daim üzərlərində işləməlidirlər. Eyni zamanda, dünyagörüşlərini zənginləşdirməlidirlər. Yəni bütün imtahan iki mərhələdə keçirilir: bir bilik və bilikdən əlavə müəllimlərin müsahibəsi təşkil olunur. Bu kəsilən müəllimlərlə bağlı indi yaxşı olar ki, Təhsil Nazirliyi özü məlumat versin. Səbəb nədir? Yəni söhbət müsahibədən keçməyən müəllimlərdən gedir ki, bunun da yəqin obyektiv səbəbləri var. Əslində mən indi bu məsələnin çox da detalına getmək istəmirəm. Bu gün bizim əslində müzakirə mövzumuz fərqlidir".

Deputat onu da təəssüflə qeyd etdi ki, bizim müəllimlərimizin bir qisminin dünyagörüşü, intellektual səviyyəsi, bir qisminin özünü aparması o qədər də tam deyil və burada da xeyli problemlər var:

"Yəni müəllim elə bir simadır ki, onun bilavasitə şagirdlərin formalaşmasında rolu və təsiri var. O mənada müsahibədən keçməyən müəllimlər də yəqin ki, Nazirliyin müəyyənləşdirdiyi hansısa normalara əməl etməyən müəllimlərdir. Əvvəlki dövrdə Elm və Təhsil Nazirliyi demişdi ki, birinci mərhələdən keçməyən insanlarla bağlı onların konkret planları və hədəfləri var. O istiqamətdə iş aparırlar və yəqin ki, onlar bu insanların da gələcəkdə həmin istiqamətdə ya hansısa formada, ya tamamilə uzaqlaşdırılması, ya da hansısa sahəyə cəlb olunması məsələsi nəzərdən keçirilə bilər. Yəni əvvəlki praktikada bu necə nəzərdə tutulmuşdusa da, bu gün həmin formada bunun həyata keçirilməsi məsələsi nəzərdən keçirilə bilər. Amma mən yekunda bir daha bu məsələnin üzərində dururam ki, müəllimlərimiz üzərlərində çox işləməlidirlər, özlərini daim inkişaf etdirməlidir".

Həmidə İBRAHİMLİ