"Sertifikasiya imtahanının müəllimlərin keyfiyyətli dərs keçmələrinə heç bir təsiri olmayacaq" - Etibar Əliyev

 12:19 01.11.2023     13997

Xəbər verdiyimiz kimi, yüzə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilib. Eyni zamanda təkrar sertifikatlaşdırma zamanı 743 müəllimin əmək müqaviləsinə xitam verildi.

Bu da cəmiyyətdə sertifikatlaşdırma prosesinin yalnız "kəsmək" fikrinin yaranmasına gətirib çıxarır. İlk növbədə müəllimlər özü bu haldan narazıdır.

Maraqlıdır, bu proses elə yaddaşlarda "kəsib-tökmək" kimi qalacaq, yoxsa şagirdlərin, təhsilin səviyyəsində müsbət dəyişiklik kimi?

Mövzu ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Redaktor.az-a danışdı.

Deputat dedi ki, bu prosesin müəllimlərin keyfiyyətli dərs keçmələrinə heç bir təsiri olmayacaq.

"Yəni müəllim necə dərs keçirsə, o cür davam edəcək. Sadəcə nazirliyin müəyyənləşdirdiyi, adını, sertifikasiya imtahanı qoyduğu imtahanla onların bilikləri yoxlanılır. Ancaq bunun təhsilin keyfiyyətinə mən təsirini gözləmirəm. Çünki hər şey göz önündədir. Bu gün "görünən dağa nə bələdçi?" Dövlət kifayət qədər orta təhsilin inkişafı üçün vəsait ayırır, müəllimlərin əmək haqqı artırılır, ancaq təhsilin keyfiyyəti dəyişmir, əksinə, tənəzzül mövcuddur. Təhsilin bütün pillələrində tənəzzül mövcuddur və xüsusilə də orta təhsildə. Danılmaz faktdır ki, artıq yuxarı sinif şagirdləri məktəbə getmirlər, kurslarda, evlərdə dərs alırlar. Bu da bilərəkdən yaradılır və uşaqların məktəbdən yayınması sosiallaşmaya, onların fiziki hazırlığına, tərbiyə almalarına öz mənfi təsirini göstərir. Əgər sertifikasiyadan keçmiş müəllimlər daha çox məktəbdə, məktəbin özündə şagirdlərə bilik verməklə məşğul olacaqlarsa, bu, əlbəttə ki, həmin imtahanın prosesə müsbət təsir göstərməsinin sübutu kimi dəyərləndirilə bilər. Yox əgər proses olduğu kimi davam etsə və 50 faizə yaxın şagird 0-150 bal toplayırsa bunun prosesə heç bir təsiri yoxdur. Yəni keyfiyyətli müəllimin keyfiyyətli dərs deməyinin heç bir təsiri yoxdur".

O bildirdi ki, bu imtahanlar etalon sayıla bilməz:

"Yəni bu, müəllimin tam şəkildə biliyinin həcmini və yaxud da bacarıqlarını müəyyənləşdirə bilməz. Bu baxımdan, məsələn, müəllim müsahibə mərhələsində kəsilibsə, bir il vaxt verilməsini yaxşı güzəşt sayıram. Ancaq düşünürəm ki, müəllim imtahandan kəsilirsə, onun pedaqoji fəaliyyətinə xitam verilməlidir. Bu müəllimdir, müəllim kəsilə bilməz. Müəllim şagirdə bilik verirsə, şagirdi tərbiyələndirirsə, onun hər hansı bir imtahandan kəsilməsi mümkün deyil. Mən müsahibə mərhələsinin fəlsəfəsini bilmirəm, kimlər müsahibə götürür, bu nə dərəcədə obyektivdir? Yəni mən o prosesdə iştirak etməmişəm, bilmirəm. Təhsil Nazirliyinə yaxın olan ekspertlər də yəqin bu barədə müəyyən rəylər verirlər, ancaq o rəylər də mən düşünürəm ki, tərəf  saxlamağa yönələn rəylər ola bilər".

Humay İSGƏNDƏRLİ