"Dövlət mənə 130 min dollar sərmayə qoyub" - Emin Əmrullayev

 13:16 01.11.2023     862

Yaxşı kadr üçün 10 min avro ödədiyimiz proqramlar var. Misal olaraq, bir dəfə hesablamışdım ki, mənim dövlət hesabına xaricdə təhsil almağım üçün 130 min dollar sərmayə qoyulub. Təşəkkürümü bildirirəm ki, bu sərmayə qoyuldu və mən xaricdə təhsil ala bildim.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır: "Kompüter mühəndisi isə bu gün ortalama 4000 manata yaxın əməkhaqqı alır. Etiraf edək ki, universitetlərin yanaşması belədir; deyir ki, o vəsaiti versən, sənə o ixtisası verərəm. Bu gün "dünyada rəqabətədavamlı kompüter mühəndisi hazırlamaq neçəyə başa gələr?" sualı daha maraqlıdır".

"Düşünmək lazımdır ki,1500 manata 10 min avro xərc tələb olunan həmin ixtisas üzrə, heç olmasa, ona bərabər və ya yaxşı mühəndis yetişdirmək mümkündürmü?! Hamı buna inanırsa, onda sözümü geri götürürəm. Diplom xatirinə verilən təhsil isə başqa məsələdir. Bu məsələləri açıq şəkildə qorxmadan müzakirə etməliyik. Hamı təhsil almaq istəyir. 1500 manat təhsilhaqqı olsa belə, heç olmasa, həmin şəxs 4 il müddətində bəzi bacarıqlarını inkişaf etdirir", - o əlavə edib.