"Sertifikasiya imtahanları cəmiyyətdə çaşqınlıq yaradır" - Vüsalə Ağabəyli
"Müşahidələr göstərir ki, sertifikasiya imtahanları cəmiyyətdə çaşqınlıq yaradır. Müsbət qarşılayanlar da var mənfi qarşılayanlar da. Mənfi qarşılayanların böyük əksəriyyəti ixtisasını zəif bilənlər, digərləri isə cəmiyyətdə xaos yaratmağa çalışanlardır".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli yüzə yaxın müəllimin sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilməsini şərh edərkən deyib:
"Sertifikasiya imtahanlarından əksər təcrübəli və savadlı müəllimlər müsbət nəticələr əldə ediblər. Bununla yanaşı, savadlı kadrların da qarşılaşdığı xoşagəlməz hallar mövcuddur. Əgər müəllim ixtisas imtahanından yaxşı nəticə əldə edib, müsahibə mərhələsində kəsilirsə, bu məqam gözdən keçirilməlidir. Həmin müəllimə və onun timsalında digər oxşar problemli müəllimlərə yenidən şans verilməlidir. Çünki müsahibə mərhələsində insan faktoru və fərdi yanaşma çox vaxt əsas rol oynayır, belə olduqda təəssüf ki, bəzən yanaşma və münasibət obyektiv yox, subyektiv olur. Elə buna görə də, müəllimin fəaliyyəti, ixtisas üzrə nəticələri nəzərə alınmalı və müsahibə mərhələsi yenidən gözdən keçirilməlidir",- deyə V.Ağabəyli qeyd etdi.
Həmidə İBRAHİMLİ