"Azərbaycanda 2000 manatdan yuxarı əməkhaqqı alan müəllim var"- Kamran Əsədov
Xəbər verdiyimiz kimi təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələrin həcmi məlum olub.
Belə ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait proqnozlaşdırılıb.
Bəs maraqlıdır, təxminən hər müəllimə bu əlavə hansı miqdarda düşəcək? Əlavə nə qədər olacaq?
Mövzu ilə bağlı təhsil eksperi Kamran Əsədov Redaktor.az-a danışarkən bildirdi ki, hazırda ölkənin 4432 orta təhsil məktəbində 150000 müəllim çalışır:
"Biz son üç il ərzində müəllimlərin əmək haqqında kəskin artımları müşahidə edə bilərik. Hətta son beş ilin statistik göstəricilərinə baxanda görə bilərik ki, əgər beş il əvvəl müəllimlərin əmək haqları 265 manat idisə, indi bu rəqəmlər 820 manata qədər artıbdır. Yəni 2014-2018-ci illərdə müəllimlərin diaqnostik imtahanları keçirildi, indi Azərbaycan təhsil sistemində inqilabi müsbət dəyişikliyin təməli olacaq sertifikasiya imtahanları var və bu imtahanlar nəticəsində müəllimlərin topladıqları bala uyğun əmək haqlarına 35 və 10 faiz əlavələr olunur.
Azərbaycan müəllimi bu gün 750 manatın üzərində əmək haqqı alır. Hətta Azərbaycanda kifayət qədər müəllim var ki, onların əmək haqqı 2000 manatdan yuxarıdır. Yəni dövlət müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Məhz bunun nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarından sonra abituriyentlər tərəfindən ən çox ixtisas qrupları üzrə seçilən ixtisasların önündə müəllimlik gəlir. Birinci ixtisas qrupu üzrə riyaziyyat müəllimliyinin keçid balı hüquq fakültəsinin balından yuxarı olubdur.
Yəni bu onu göstərir ki, müəllimlərin əmək haqlarının artırılması, eyni zamanda işə qəbul prosesində şəffaflıq, işə qəbulun əlçatanlığı müəllimlik peşəsinə kifayət qədər marağı artırdı. Xüsusən sertifikasiya bu prosesə müsbət təsir göstərdi. Hazırda sertifikasiyadan keçən müəllimlərin əmək haqqı 800 manat ətrafındadır və bu, kifayət qədər yaxşı bir rəqəmdir, mən hesab edirəm ki, biz "birmənalı şəkildə hər bir müəllim öz üzərində işləməlidir" devizini artıq bilirik. Yəni bu boş deviz deyil, yaxşı bir nəticədir. Yəni ölkədə digər vəzifələrlə müqayisədə əmək haqları kifayət qədər yaxşıdır".
Humay İSGƏNDƏRLİ