"Görünür sualı hazırlayan şəxs özü də həmin müğənninin fanatı olub" - Təhsil eksperti
Bu gün ölkənin gündəmini zəbt edən mövzulardan biri də özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin verilməsi idi.
Hər kəs niyə tanınmış bəstəkarların ifaları deyil, gənc müğənni Hissin mahnısından test tərtib edildiyini müzakirə edir.
Məsələ ilə bağlı təhsil ekspertləri fikirlərini Redaktor.az-la bölüşdülər.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, istər qəbul, istər buraxılış imtahanlarında və yaxud da ki, digər yoxlama və ölçmənin həyata keçirdiyi imtahanlarda və müsabiqələrdə müxtəlif növ mətnlərdən istifadə oluna bilər:
"Şərt o deyil ki, mütləq şəkildə suallarda istifadə olunmuş mətnlər dərsliklərdən olsun. Şagirdlərin əldə etdikləri bilik və bacarıqlara uyğun müxtəlif mətnlər onların biliyinin daha yaxşı qiymətləndirilməsinə imkan verir. Çünki bir çox hallarda dərslərdə istifadə olunan mətnlərdən test tapşırıqları olanda uşaqlar onları əzbərləyirlər. Misal üçün Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında xarici ölkələrdə istifadə olunmuş mətni istifadə edir. Amma burada şagirdlərin yoxlanılan bilik və bacarıqları tədris materiallarıdır. Yəni 2008-ci ildən tətbiq edilən kurikulumun məzmun standartlarına və alt standartlarına görə şagirdlərin tədris ilinin sonunda əldə etməli olduğu biliklər və bacarıqlar var.
Yəni şagirdlər məzmun standartlarına görə oxumağı, dinləməyi, anlamağı və tətbiq etməyi bilməlidirlər. Əgər siz bu bacarıqlara yiyələnmisinizsə, onu istənilən mətn üzərində tətbiq edə bilərsiz. Şərti olaraq bir müqayisə aparaq, biri avtomobil sürməyi bacarırsa, "Mercedes" markalı maşın da sürə bilər, köhnə maşınlardan da. Yəni əgər siz bu bacarıqlara maliksinizsə, onu hər yerdə tətbiq edə bilərsiniz. Müəllimlərin bəzən istifadə olunan mətnlərin dərslikdəki mətnlərlə eyni olmadığına dair etirazlarını görürük. Elə bir qayda yoxdur ki, dil qaydalarını, məzmun qaydalarını və standartları yoxlamaq üçün dərsliklərdəki mətnlərdən istifadə olunmalıdır. Bu mahnı sözləri ola bilər, Aygün Kazımovanın, Röyanın mahnılarının sözlərindən də mətn tipli belə suallar hazırlamaq olar. Əsas odur ki, orada yoxlanılan bacarıqlar kurikulumun standartlarına uyğun olsun".
Təhsil eksperti Elçin Əfəndi deyir ki, kiminsə hər hansı bir ifasından və yaxud da hər hansı bir əsərindən, musiqisindən müəyyən bir hissə verilməsində narahatlıq görmürəm:
"Amma problem ondan ibarətdir ki, bu sualın qoyuluşu ümumi şərtlərə cavab versə də, bu Dövlət İmtahan Mərkəzinin təyin etdiyi sual deyil. Hər hansı bir özəl müəssisənin tətbiq etdiyi və təqdim etdiyi sualdır. Burada təbii ki, könül istərdi ki, həmin o özəl müəssisə bizim korifey sənətkarların hər hansı ifasından cümlələr seçib sualda istifadə etsinlər. Görünür ki, sualı hazırlayan şəxs özü də həmin müğənninin fanatı olub, onun pərəstişkarıdır və nəticə etibarilə öz istəyini, sevgisini bu formada bildirir. Çünki buna bir başqa açıqlama verə bilmirəm. Əslində bu da doğru deyil. Çünki bir növ təbliğat vasitəsidir. Amma bu şəkildə təşviq olunması şagirdlərin də ən azından axtarış motorlarında olacaq. Müğənni kimdir? Hansı musiqiləri var deyə ən azı bunun reklamı getmiş olur. Düşünürəm ki, bu, təbii ki, özəl bir müəssisənin etdiyi davranışdır. Buna görə hər hansısa narahatlıq yoxdur. Dövlət tərəfindən, dövlət qurumu tərəfindən tərtib edilsəydi, bəli, o zaman buna ictimaiyyətin reaksiyası birmənalı olardı".
Qeyd edək ki, həmin sualların Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlandığı iddia olunurdu. Ancaq qurum tərəfindən iddialara cavab olaraq bildirildi ki, qeyd olunan sualın DİM-in test bankına aidiyyəti yoxdur.
Humay İSGƏNDƏRLİ