"Repetitorluqla məşğul olanların əksəriyyətinin pedaqoji dərəcəsi yoxdur" - Elçin Əfəndi
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib ki, repetitorluqla məşğul olanların məktəbdə müəllim kimi fəaliyyətinin dayandırılması təklifi tamamilə doğrudur.
"Uşaqlar yanına hazırlığa gəlsin deyə müəllimin məktəbdə qəsdən dərs keçməməsinin tamamilə əleyhinəyəm. Müəllim sırf repetitorluqla məşğuldursa, qoy məktəbdə onun yerinə bütün var qüvvəsi ilə başqa müəllim işləsin. O da getsin öz repetitorluğu ilə məşğul olsun. Yoxsa enerjisini məktəbdə sərf etmir ki, dərs bitən kimi qaçıb repetitorluq edəcək",- deyə o, qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, biz repetitorluqla məşğul olanların məktəbdə müəllim kimi fəaliyyətinin dayandırılması ilə repetitor fəaliyyətinin qarşısını ala bilmərik.
Onun sözlərinə görə, repetitor fəaliyyətinin qarşısını almağın ən başlıca şərti qəbul imtahan formasını dəyişməkdir:
"Yəni qəbulda fənlərin sayını minimallaşdırarıqsa, qəbul bir, iki və yaxud üç fənn üzrə aparılarsa, repetitorlara qarşı artıq qəti addım atmış ola bilərik. Qaldı ki, repetitor fəaliyyəti ilə məşğul olanların orta məktəbdə çalışmasına, onsuz da demək olar ki, repetitorların böyük əksəriyyəti məktəbdə işləmirlər. Repetitor fəaliyyət ilə məşğul olanların əksəriyyətinin pedaqoji dərəcəsi yoxdur. Yəni, məsələn, kimyanı oxuyublar, amma pedaqoji dərəcə almayıblar, sırf kimya ixtisasında oxuyublar. Yəni kimya müəllimliyi yox və yaxud fərqli bir sahəni oxuyub, siyasət üzrə gəlib tarix fənnindən dərs deyir, tarix fənninin repetitorluğu ilə məşğuldur. Yəni bu, bir qədər tənzimlənməsi çətin prosesdir.
Qaldı ki, orta məktəbdə çalışanların əmək müqaviləsinə xitam verilməsi bu, o zaman ola bilər ki, faktiki olaraq istər tam, istər ümumi orta təhsil müəssisəsində çalışan müəllim şagirdlərə qarşı öz yanına hazırlığa gəlmədikləri üçün qiymətini kəsirsə, həmin şəxs haqqında əmək müqaviləsinə xitam verilməsi mənə görə doğrudur. O, millətin balasına təhsili auditoriyada verməlidir, bunun üçün dövlət büdcəsindən maliyyələşir, ona müəyyən əmək haqqı təyin olunur".
Ekspertin fikrincə, buna baxmayaraq, əgər bu gün müəllim öz vəzifəsini və yaxud məsuliyyətini kənara ataraq şagirdə aşağı qiymət yazırsa, şagirdlə prinsip aparırsa, əlbəttə, onlar haqqında artıq millət vəkilinin fikrini təsdiqləmək olar:
"Amma qaldı ümumi repetitorların hər biri məktəbdə işləyir anlayışına bu, doğru deyil. Hazırda əmək bazarına baxsaq, 40 min nəfər müəllim işə qəbul üzrə müsabiqədə iştirak edirsə, onun 8-10 mini qəbul olur, yerdə qalan 30 min nəfər repetitor fəaliyyəti ilə məşğuldur. Yəni nəyi demək istəyirəm? Ən azından ölkədə bu dəqiqə 100 min nəfərə yaxın müəllim repetitor fəaliyyəti ilə məşğuldur.
Müxtəlif yaş kateqoriyasında onlar bu işləri həyata keçirirlər. Belə olduğu halda biz repetitorlarla necə mübarizə apara bilərik? Mümkün deyil. Yalnız yeganə yolu qəbul imtahanında modeli dəyişmək, formatı dəyişmək və dərs sayını azaltmaqdır. Belə olduğu təqdirdə, əlbəttə, müəyyən qədər müsbət nəticələrə gəlib çıxa bilərik. Repetitor fəaliyyətinin sertifikasiya ilə əlaqəsi odur ki, sertifikasiyaya hazırlaşanlar da yenə repetitorlara üz tuturlar. Müvafiq imtahanda müsabiqə şərtini ödəyirlər və yaxud da tam əksi ödəmirlər. Yalnız əlaqəsi budur, amma onun birbaşa sertifikasiya imtahanlarına hər hansı bir təsiri yoxdur".
Həmidə İBRAHİMLİ