"Abituriyentlərimizin xaricə üz tutmasının əsas səbəbkarı DİM-in ali təhsilə qarşı qoyduğu baryerdir"

 16:47 04.11.2023     615

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Etibar Əliyev universitetlərin hələ də tələbələrin vəsaiti hesabına dolanmağından söz açıb.

O bildirib ki, universitetlərə muxtariyyət verilib, onlar gəlirlərini həm də xidmət fəaliyyətlərindən formalaşdıra bilərlər:

"Amma bunun üçün şərait yaradılmır. Bu, necə muxtariyyətdir? Dövlət universitetlərində isə maliyyə xərcləmələrini dövlət öz əlində saxlayıb. Təhsilin İnkişafı Fondu universitetlərin köçürmələri hesabına fəaliyyət göstərir. Universitetlərə ödəniş etmələri ilə bağlı məktublar göndərilir. Rəqəm də nə az, nə çox 700 min manatdan 2 milyon manatadəkdir. Dünyanın başqa ölkələrində dövlət ali təhsil müəssisələrinə dəstək verir, bizim nazirlik isə onlardan pul qoparır, - deputat bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov dedi ki, Milli Məclisin deputatlarının konstruktiv çıxış etməsini arzulayır:

"Universitet tələbə haqları hesabına dolanmalıdırlar da. Gedib tarlada əkin əkməli deyillər ki? 2011-ci ildə bizim bütün ali məktəblər, orta ixtisas məktəbləri özünü maliyyələşdirmə sisteminə keçib. Azərbaycanda təhsil haqları nisbətə baxanda, bizim gənclərimizin ən çox üz tutduğu Türkiyənin təhsil haqqından yüksəkdir. Amma bu yüksəyin qarşısında lazım olan keyfiyyət yoxdur. Bu da problemin başqa bir tərəfidir. Hazırkı vəziyyətdə təhsilin bütün pillələrində olduğu kimi, ali təhsilimizdə də ciddi problemlər var. Ali təhsilin məzmunu, kadr hazırlığının keyfiyyətini yüksəlmək üçün çox böyük işlər görmək lazımdır. Bu sahədə, artıq İqtisad Universiteti və ya ADA Universiteti ciddi addımlar atır və digər universitetlərimizdə də müəyyən müsbət mənada dəyişikliklər var və bu artan tendensiya ilə davam etməkdədir.

Amma hazırkı vəziyyətdə əmək bazarının tələblərinə uyğun olaraq biz kadr hazırlaya bilmirik. Bu da bir reallıqdır. Nəticə etibarilə abituriyentlərimizin xaricə üz tutmasının əsas səbəbkarı universitetlərimiz deyil, daha çox Dövlət İmtahan Mərkəzinin ali təhsilə qarşı qoyduğu baryerdir. Amma bildiyiniz kimi, ölkənin 2022-2026-cı il konsepsiyasına uyğun olaraq tələbə sayının 75 minə çatdırılması ilə bağlı tədbirlər görülür. Təkcə keçən tədris ilindən bu ilə qədər tələbə sayı bizdə hər il 45 000 civarında olurdusa, bu il 56 000 min civarında olub, yəni 11 000 artıb.

Ölkədə yeni universitetlərə ehtiyac var. Artıq Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tikilməsi ilə bağlı işlərin görüldüyünü bildirdi. Bu yaxınlarda  Azərbaycan-Türkiyə Universitetinin açılışı olacaq. Eyni zamanda, Azərbaycan - İtaliya Universitetinin yaradılması ilə bağlı işlər sürətlə gedir. Bütün bunların fonunda eyni zamanda qeyd etməliyik ki, Azərbaycan ali təhsillilərin sayına görə keçmiş MDB məkanında ən axırıncı yerlərdən birini tutur. Bizdə təqribən keçən ilki nəticələrə görə, hər 100 nəfərdən 17 nəfər ali təhsillidir. Qismən bu say artıb, amma yenə də görüləsi işlər çoxdur".

Ekspert vurğuladı ki, ölkədə yeni universitetlərin açılması istiqamətində iş getməlidir.

"Məsələn, Şəki Dövlət Universitetinin yaradılması ilə bağlı illərdir söhbət gedir. Ölkənin inkişaf konsepsiyasına uyğun olaraq, xüsusilə də texnologiya sahəsi üzrə universitetlərimizin genişləndirilməsinə böyük ehtiyac var. Bilirsiniz ki, bu sahə üzrə Azərbaycan Texniki Universiteti var, Gəncədə Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti var. Eyni zamanda, tələbələrin sayının artması ilə yanaşı, düşünürəm ki, xaricə üz tutanların sayı azalacaq. Amma oxumaq üçün xaricə üz tutmaq heç də qəbahət iş deyil. Ölkə prezidentinin sərəncamı ilə xaricdə təhsillə bağlı ikinci dövlət proqramı başlayıb ki, hər il yüzlərlə gəncimiz xaricdə təhsil almağa göndərilir. 

Ümumilikdə isə problemlər var və bu problemləri, hətta, elm və təhsil nazirinin özü bu problemləri dəfələrlə səsləndirib.  Amma reallıq ondan ibarətdir ki, bu gün bizdə ən böyük problem kadr hazırlığını lazım olan səviyyədə təşkil edə bilməməyimizdir. Bu da bizim kadr hazırlığını həyata keçirən ali məktəblərdə tədris edəcək elmi pedaqoji kadrların azlığıdır. Məhz buna görədir ki, ölkə Prezidentinin Sərəncamı ilə təşkil olunan xaricdə təhsil ikinci dövlət proqramına daha çox magistrların, doktorantların xaricdə təhsili təşkil olunur. Bu da onların oxuyub qurtardıqdan sonra gəlib bizim ali təhsil müəssisələrimizdə çalışması və nəticə etibarilə elmi pedaqoji kadr məsələsində olan qıtlığın aradan qaldırılmasına xidmət edəcək", - deyə E.Qafarov bildirdi.

Humay İSGƏNDƏRLİ