"Belə çıxır ki, məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə də işləməlidir" - Nadir İsrafilov
Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib ki, ölkədə təxminən 5000-nə yaxın ümumtəhsil müəssisəsi var, ancaq heç o qədər psixoloq kadrları yoxdur.
“Digər tərəfindən ayrı-ayrı sahələrdə fəaliyyət göstərən psixoloq kadrlara ixtisas üzrə hazırlıq lazımdır. Beləliklə, məktəblərimizə ilk növbədə məktəb psixoloqları hazırlığı həyata keçirilməlidir. Gələn ilin dövlət büdcəsində kadr hazırlığı məsələsinə baxılmalı və yeni təhsil proqramları üzrə kadr hazırlığına başlanılmalıdır”,- deyə deputat qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psixoloji xidmətin təşkili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilib.
Onun sözlərinə görə, bugünki məktəbi psixoloqsuz təsəvvür etmək artıq heç də birmənalı qarşılanmır:
" Psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir. Lakin gəlin görək pedaqoji işçilərlə birlikdə təhsilalanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyillərini, maraq dairəsini müəyyən etmək üçün psixoloji xidmətin vəzifələri nə dərəcədə yetərlidir. Tam əminliklə demək olarmı ki, məktəblərdə psixoloji xidmət işinin səviyyəsi ürəkaçandır?
Müasir təhsil sistemindəki psixoloji xidmət psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur".
Ekspert qeyd etdi ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir:
"Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılıb. Bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alanlardır. Ən böyük çətinlik isə ondan ibarət olub ki, 150 şagirdi olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psixoloq işləyir. Uzun müddət təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunluqları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb. Köhnədənqalma Əsasnamədə müvafiq dəyişikliklər edilməyib, psixoloqların diaqnostik qiymətləndirilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar Təhsil qanununda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb. Təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulub".
N.İsrafilov onu da dedi ki, məktəb psixoloquna baxış bucağımız dəqiqləşdirilməlidir:
"Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: şagird sayı 1000-dək olduqda 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda 2 vahid, şagird sayı 3000-dən çox olduqda 3 vahid.
Bununla belə bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlərin görülməsinə baxmayaraq, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Məktəblərdə baş verən hər hansı bir neqativi psixoloqun fəaliyyəti ilə əlaqələndirmək də ədalətsizlik olar. Başqa sözlə desək, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı psixoloqlara ehtiyac var. Bununla yanaşı, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq.
Zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətində qalmışıq. İndi müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarının axtarışındayıq. Belə çıxır ki, məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir. Halbuki, müəllimlərin özü də peşəkar səviyədə olmasa belə, heç olmasa elementar psixoloji biliklərə sahib olmalıdırlar. Lakin bütün deyilənlər, heç də məktəb psixoloqunu məsuliyyətdən azad etmir. Bəli, bu gün psixoloji işin təşkilində boşluqlar var. Əksəriyyət məktəblərdə psixoloq çatışmazlığı müşahidə olunur. Bu gün 1 milyon 600 min nəfərdən çox yeniyetmənin təhsil aldığı 4 500 civarında olan ümumtəhsil məktəbinin hər birinin psixoloqla təmin olunması da o qədər real görünmür. Ona görə də bu günki müəllimlər təkcə pedaqoq kimi yox, həm də psixoloq kimi hazırlanmalı, xüsusilə uşaq psixologiyası və fiziologiyasının incəliklərinə yiyələnməlidirlər. Bu işdə pedaqoji təhsil verən ali və orta ixtisas təhsil müəssisələrinin üzərinə böyük yük düşür".
Həmidə İBRAHİMLİ