"Bu il 150 balla aqronomluq ixtisasına qəbul olub" - AÇIQLAMA

 15:24 07.11.2023     873

Bildiyimiz kimi, bir neçə gündür ölkədə geniş müzakirə olunan məsələlərdən biri də aqronom ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi məsələsidir.

Milli Məclisin komitə iclaslarında da bu məsələ geniş müzakirə olunub. Deputatlar bu sahədə mütəxəssislərin yetişdirilməsini dəfələrlə vurğulayıblar.

Məlum olduğu kimi, aqronomiya ixtisası ölkədə Azərbaycan Dövlət Aqrar Universitetində tədris olunur.

Maraqlıdır, bu il Azərbaycan Dövlət Aqrar Universitetində plan yerləri nə qədər dolub? Qəbul zamanı ən aşağı və ən yuxarı bal nə qədər təşkil edib?

Aqrar Universitetinin mətbuat katibi Elcan Məmmədov Redaktor.az-ın suallarını cavablandırarkən bildirib ki, son bir ildə kənd təsərrüfatı ixtisaslarına gənclərin marağı artıb:

"Aqronomluq ixtisasın ən aşağı qəbul balı 150 olub, universitet üzrə ən yüksək balla qəbul olunan tələbənin balı 400 təşkil edib. Bu son illərin ən yüksək göstəricisidir. 2023-2024-cü tədris ili üçün Azərbaycan Dövlət Universitetinin qəbul planı 94.77 faiz dolub. Bu il aqronomluq ixtisasına qəbul yeri tam dolub".

Ölkədə kiyafət qədər aqronom kadrlar yetişirmi sualına cavab olaraq Elcan Məmmədov bildirdi ki: "Karyera mərkəzi vasitəsilə tələbələri izləyirik. Xüsusən də çalışırıq ki, universitetdə oxuduqları müddətdə kənd təsərrüfatı müəssisələrində, yerli və transmilli şirkətlərdə təcrübələrə cəlb olunsunlar və daha sonra həmin şirkətlər özləri bizə müraciət edirlər ki, bizə filan ixtisaslar üzrə mütəxəssislər lazımdır".

Humay İSGƏNDƏRLİ