"Bilmirəm nazir bunu bilir, ya yox, əslində..." - Etibar Əliyev
"Bakı Dövlət Universitetində ilk olaraq beynəlxalq münasibətlər fakültəsi yarandı, sonra əksər universitetlər də beynəlxalq münasibətlər fakültəsini yaratdı".
Bu sözləri Redaktor.az-a Milli Məclisin elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib.
Deputat bildirdi ki, eyni fakültədən çoxlu sayda açılması birmənalı şəkildə məzunların işsizliyi ilə nəticələndi:
"Yəni həqiqətən bu ixtisas üzrə bizə nə qədər mütəxəssis lazımdır? Lakin bizə daha çox aqronom lazımdır fikri də yanlışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə fikir səsləndirib ki, bizə daha çox aqronom lazımdır. Bu primitiv bir fikirdir. Bəli, bizə aqronom lazımdır. Amma daha çox İT sahəsi üzrə mütəxəssislər, nanotexnologiyalar üzrə mütəxəssis, kənd təsərrüfatının digər sahələri üzrə mütəxəssislər lazımdır. Xüsusilə tətbiqi fizika üzrə mütəxəssislər, riyaziyyatçılar, proqramçılar lazımdır.
Digər tərəfdən isə dördüncü sənaye inqilabında yaşayırıq və dördüncü sənaye inqilabının ixtisaslarına çox böyük maraq var. Bilmirəm bunu nazir bilir, ya yox. Əslində bizdə bu gün kənd təsərrüfatı üzrə mütəxəssis hazırlayan vahid bir ali məktəb var. Bu Aqrar universitetdir və kifayət qədər tələbə qəbulu həyata keçirilir. Ancaq onlar necə hazırlanır? Kənd təsərrüfatı üzrə mütəxəssis kimi hazırlana bilirlərmi? Söhbət ondan gedir. Biz kəndlərə, rayonlara gedirik və az halda gənc aqronomlara, zootexniklərə rast gəlirik. Kənd təsərrüfatı üzrə mütəxəssislərin çoxları ixtisası üzrə işləmir və yaxud da iş yoxdur.
Hüquq fakültəsi Bakı Dövlət Universitetində və Naxçıvan Dövlət Universtitetində var, məhdud sayda tələbə qəbul edirlər. Yəni bu işin kökü budur. Məhdud sayda tələbə qəbul edirlər və onu da izləmək lazımdır. Onlar da yaxşı hüquqşünas kimi yetişə bilirlərmi? Bir neçə imtahanı təhlil edəndə görürük ki, təxminən 50 - 60 faizi bu imtahanlardan keçə bilmir. Mütəxəssis hazırlamaq üçün bizim universitetlərin potensialı yetərli deyil. Müasir peşələrin atlası tərtib olunur. Gələcək peşələrin atlasının tərtibatı bizdə təsdiqlənməyib. Proqnozlaşdırmaq lazımdır ki, həmin peşələrə hansı tələblər qoyulur? Biz köhnə qaydada aqranom, hüquqşünas hazırlayaq, bəs bunun insan kapitalına hansı dərəcədə təsiri olacaq? Yaxud da hər hansı bir sahə üçün normal mütəxəssis hazırlayarkən həmin sahə necə inkişaf edəcək? Bunların tədqiqatı yoxdur. Amma burada əsas məsələ Elm və Təhsil Nazirliyidir, əgər akkreditasiya keçirirsə, deməli, həm də keyfiyyətə cavabdehlik daşıyır. Bütün ixtisaslar və peşələr üzrə keyfiyyət təminatını, məsuliyyətini Elm və Təhsil Nazirliyi daşıyır".
Millət vəkili bildirdi ki, beynəlxalq münasibətlər və ya hüquq fakültəsinə axını gənclərin səhvi kimi qiymətləndirmək doğru deyil:
"Həmin ixtisas gənclərə parlaq görünür. Ancaq həmin ixtisas üzrə mütəxəssis kimi yetişə biləcəkmi? Özünə iş tapa biləcəkmi? Ali məktəbdə həmin fakültələr üzrə təhsil haqqı yüksəkdir, 2500 manatdan başlayır. Ali məktəbin məqsədi pul qazanmaqdır. Beynəlxalq münasibətlər üzrə nə qədər professor, müəllim heyəti var ki, bu sahədə mütəxəssis hazırlasın? Professor müəllim heyətinin tərkibinə baxılmalıdır, valideynlər də maraqlanmalıdır ki, onların övladlarına hansı səviyyədə dərs keçirilir, yeni ədəbiyyatlardan istifadə olunurmu? Kitabxana şəraiti necədir? Eyni zamanda, müəllimlərin kvalifikasiyası necədir?"
Humay İSGƏNDƏRLİ