Bütün məktəblər istiliklə təmin olunurmu? - RƏSMİ AÇIQLAMA
Məlum olduğu kimi, bu gündən Azərbaycanda istilik mövsümü başlayıb. “Azəristiliktəchizat” ASC 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin icrası haqqında məlumat açıqlayıb.
Bəs, məktəblərdə istilik mövsümü başlayıbmı?
Məsələ ilə bağlı Redaktor.az Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladı.
Qurumdan bildirildi ki, təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir:
"Məktəblərin istiliklə təminatı məsələsi öncədən nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülüb. Məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılıb, hər hansı problem aşkarlandığı təqdirdə səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığına dair sentyabr ayında "Azəristiliktəchizat" ASC, "Azəriqaz" İstehsalat Birliyi və "Azərsu" ASC-nin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib".
Təhsil İdarəsindən o da bildirildi ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlər təşkil olunub:
"Paytaxtın 12 rayonu üzrə keçirilən təlimlər "Azəristiliktəchizat" ASC-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Təlimlərdə 300-ə yaxın ocaqçı iştirak edib".
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 124-ü "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 190-ı fərdi qazanxana vasitəsilə, 1-i isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Həmidə İBRAHİMLİ