"Bakı Dövlət Universitetini harasa daşımaq doğru yanaşma deyil" - Elçin Əfəndi
Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir.
Onun sözlərinə görə, şəhərin mərkəzində tıxac əsas problemdir: "Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, təkcə universitetləri bölgələrə köçürmək və yaxud paytaxtdan kənara çıxartmaqla tıxacın qarşısını tam olaraq almaq olmaz.
Onun fikrincə, Bakı şəhərində, paytaxtda tıxacların qarşısını almaq üçün, ümumiyyətlə sıxlığın qarşısını almaq üçün ilk növbədə regionlarda iş imkanları yaradılmalıdır:
"Vətəndaşların regionlarda işləmək imkanları olmalıdır, müvafiq olaraq dövlət qurumlarının bəziləri rayonlara köçürülməlidir. Eyni zamanda, rayonlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə infrastruktur yaxşılaşdırılmalıdır. Həmin yerlərdə müvafiq fabrik, zavod və istehsalatla məşğul olan digər müəssisələr tikilib hazırlanmalıdır ki, əhalinin artıq paytaxta tərəf axınının qarşısı alınsın. Belə olan halda da təbii ki, sıxlığa müəyyən qədər də olsa təsir etmiş olar. Bunun paralelində aidiyyatı qurum, yəni tıxacların qarşısını almaq üçün Nəqliyyat Nazirliyi müvafiq olaraq yollarda genişləndirmə, zolaqların salınması kimi amillərə diqqət yetirməlidir ki, müvafiq olaraq sıxlığın qarşısı alınsın".
Ekspert onu da vurğuladı ki, universitetlərdən böyük tələbə kontingentinə sahib olanlar Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan İqtisad Universiteti, Dillər Universiteti və Pedaqoji Universitetdir:
"Diqqətlə baxsaq, bunlar hamısı şəhər mərkəzinə uyğun yerlərdə yerləşən universitetlərdir. Məsələn, təkcə Bakı Dövlət Universitetində 20 mindən çox tələbə təhsil alır. Eyni zamanda, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet, Mədəniyyət və İncəsənət Universiteti hamısı demək olar ki, bir mərkəzdədir. Burada yataqxanası olan universitetlər də var. Yəni bütün bunlar şəhər mərkəzində olduğu üçün təbii ki, bunlar müəyyən qədər təsir etmiş olur. Belə olan halda Bakı Dövlət Universiteti kimi böyük universiteti harasa daşımaq mənə görə, doğru yanaşma deyil. Bu universitetin daşınması üçün illər lazımdır. Ona görə düşünürəm ki, Bakı Dövlət Universiteti istisna tədricən respublikanın müxtəlif bölgələrində daşımaq olar. Xüsusilə də işğaldan azad olunmuş ərazilərə olar. Xankəndidə universitet var idi. Eyni zamanda, Ağdam rayonunda Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Bu ərazilərdə də bəzi universitetləri buradan ora köçürtmək, həm də həmin ərazilərdə yeni universitetlər yaradıb, daha müasir ixtisasları, əmək bazarına daha çox tələbat olan ixtisasları orada açmaq lazımdır ki, xüsusilə bölgə tələbələri, həmin universitetlərdə təhsil almaqda maraqlı olsunlar. Belə olduğu halda təbii ki, sıxlığın qarşısını müəyyən qədər də olsa almaq olar".
Həmidə İBRAHİMLİ