"Müəllimin vəzifəsi dərsliyi yerinə yetirməkdir, ona irad bildirmək deyil" - Təhsil eksperti

 17:16 17.11.2023     1552

Bir neçə müddətdir ki, cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də məktəb dərsliklərinin hər dəfə yenilənməsi ilə bağlıdır.  Müəllimlər və valideynlər dərsliklərin yenisi ilə əvəz olunmasını istəmirlər. Müəllimlər bildirirlər ki, bir dərsliyi tam anlamağa çalışırlar ki, yenisi çap olunur. Valideynlər də uşaqlarının bu sarıdan əziyyət çəkdiyini bildirirlər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Elşən Qafarov dedi ki, valideyn bu fikirləri deyə bilər, amma reallıq başqa bir şeydir.

"Əvvəla, dərsliklərin hazırlanması qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Azərbaycanda bütün növ təhsil müəssisələrində dərslikləri Elm və Təhsil Nazirliyi çap edir. Dərsliklərin hazırlanması qaydalarında da göstərilir ki, hər il dərsliklərin ümumi sayının 10 faizi qədər də yeni dərsliklər, yəni həmin dərsliyin yenidən nəşri hazırlanır. Dərsliklər ümumi təhsilin dövlət standartlarına uyğun olaraq hazırlanır və beş ildən tez dərsliklərin dəyişdirilməsinə yol verilmir. Dərsliyin yenidən çap olunması qanunvericiliyə uyğun olaraq olmalıdır. Burada məsələnin məntiqini tutmaq lazımdır.

Müəllimlər dərsliyi istəyib-istəməməsinə yox, daha çox peşəkarlıq üzərində işləsin. Həmin dərslikdə olan materialların, eləcə də təhsil proqramlarının müasir təlim metodlarının yerinə yetirilməsi ilə bağlı  müasir təlim metodlarını və texnologiyalarını daha mükəmməl öyrənsinlər. Dərsliklə bağlı təklifləri varsa, bunu yazılı şəkildə Təhsil İnstitutuna bildirə bilərlər. Növbəti dərsliklərdə həmin məsələlər nəzərə alına bilər.

Müəllimin vəzifəsi dərsliyi yerinə yetirməkdir, ona irad bildirmək, digər məsələlər deyil.  Azərbaycan təhsilində çox bacarıqlı, peşəkar müəllimlərimiz var. Amma müəllim qıtlığı da var.  Müəllim işləməklə müəllim olmaq arasında fərq çox böyükdür. Arzulayıram ki, Azərbaycan müəllimi daha çox onun öhdəsinə düşən işlə məşğul olsun, təhsil proqramlarını mükəmməl öyrənsin, yeni təlim metodlarını mükəmməl öyrənsin və dərslikdə olan mövzuları müasir təlim metodlarına uyğun olaraq şagirdlərə səmərəli mənimsətsin.  Onun vəzifəsi budur, hamı öz vəzifəsi ilə məşğul olmalıdır".

Humay İSGƏNDƏRLİ