"Məktəb dərslikləri elektronlaşdırılmalıdır" - Deputat
"Mən düşünürəm ki, kitabın məzmununda heç bir dəyişiklik yoxdursa bunun yenisini çıxartmağa ehtiyac yoxdur".
Bunu Redaktor.az-a hər il yenisi çap olunan məktəb dərslikləri haqqında Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov dedi.
O bildirdi ki, nə qədər sayda şagirdimiz var, o sayda da dərslik çıxartmalıyıq:
"İkinci isə hesab edirəm ki, burada digər məsələ dərsliklərin keyfiyyəti ilə bağlıdır. Çalışmalıyıq ki, dərslik keyfiyyətli çıxsın ki, bu problemi yaşamayaq. Yəni söhbət dərsliklərin keyfiyyətli formada olmasından gedir. Eyni zamanda mən düşünürəm ki, şagirdlər arasında təbliğat aparılmalıdır ki, dərsliklər səliqəli istifadə olunsun. Yəni bu gün problemin kökündə duran məsələlərdən biri də odur ki, bəzən dərsliklər keyfiyyətli olmur, bəzən isə şagirdlər onu səliqəsiz istifadə edir. Hər il də dərsliklərə külli miqdarda vəsait ayrıldığının şahidi oluruq. Ona görə bu məqamlar birmənalı olaraq ciddi şəkildə nəzərə alınmalıdır ki, biz hər il bu problemləri yaşamıyaq.
Bu nəzərə alınmadığı təqdirdə artıq yenidən bu dərslikləri çıxarmağa məcbur oluruq. Yəni dərsliklərin də çap olunması az vəsait tələb etmir. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu gün dərsliklər çıxarılarkən yüngül kağızlardan istifadə oluna bilər. Bu gün şagirdlərimizin, övladlarımızın çoxu kitabların ağır olmasından şikayətlənirlər. Təəssüf ki, bu gün dərsliklər çap olunarkən də onun kağızına fikir verilmir və ağır kağızdan nəşr olunur. Bu da məktəbli çantalarının ağır olmasına, ağırlaşmasına öz təsirini göstərir. Ona görə bu da nəzərə almalıdır. Düşünürəm ki, yavaş-yavaş təhsilin elektronlaşdırılmasına keçməliyik. Dünyada tətbiq olunur, Azərbaycanda bəzi məktəblərdə tətbiq edirlər. Artıq dərsliklər də elektronlaşdırılmalıdır ki, bu keçid təmin olunsun. Yəni söhbət bütün dərsliklərin sistemdə yerləşdirilməsi və bu sistemdən şagirdlərin istifadəsinə şərait yaradılmasından gedir. Bu da ümumilikdə gələcəkdə bu prosesə öz töhfəsini verəcək".
Humay İSGƏNDƏRLİ