Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir - Nazir
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin 52-ci Milli Gününə həsr olunan tədbirin açılış mərasimində çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyə qədər ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir.
Azərbaycan Respublikası ilə BƏƏ arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır və iqtisadiyyat, enerji, turizm, təhsil və bir çox digər sahələri əhatə edir.
Ölkələrimiz ikitərəfli təmaslarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq edir", - Əmrullayev qeyd edib.
Nazir qarşılıqlı yüksək səviyyəli səfərlərə də toxunub: "Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin yanvarında BƏƏ-yə səfəri əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunun və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun əyani göstəricisidir".
"Bildiyiniz kimi, Azərbaycan Respublikasının əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. 1 milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında igid ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Bu baxımdan, BƏƏ-nin bir neçə şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və tikinti layihələrində iştirak etmək üçün müraciət etməsi bizi sevindirir", - nazir əlavə edib.
Əmrullayevin sözlərinə gorə, BƏƏ Azərbaycanın mühüm ticarət və iqtisadi tərəfdaşıdır: "2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 99,87 mln. ABŞ dolları təşkil edib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 16 faiz artıb.
Azərbaycanda BƏƏ investisiyalı 385 kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdan keçib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizlə BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında Sazişlə bağlı danışıqlara 2023-cü ilin aprel ayında başlanılıb.
Bundan əlavə, Azərbaycanın Ticarət Nümayəndəliyi 2017-ci ildən, “Azərbaycan Ticarət Evi” isə 2019-cu ildən Dubayda fəaliyyət göstərir.
Enerji sahəsində əməkdaşlıq ikitərəfli təmasların digər mühüm istiqamətlərindən biridir. Bu kontekstdə BƏƏ-nin “Masdar” şirkətinin Azərbaycanda həyata keçirilən enerji layihələrində fəal iştirakına diqqəti cəlb etmək istərdim.
BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 2023-cü ilin oktyabrında istifadəyə verilmiş Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və “Regionda ən böyük günəş elektrik stansiyası kimi” və “Masdar” şirkəti ilə Azərbaycan hökuməti arasında Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış sənədlər xüsusi vurğulanmalıdır.
Hesab edirəm ki, xalqlarımız arasında təmaslar ikitərəfli əməkdaşlığın dinamik inkişafını əsaslandıran əsas amillərdən biridir.
Bu əlaqələrin qurulmasında elm və təhsil sahələri xüsusi əhəmiyyət kəsb edir. Hazırda biz Azərbaycan Respublikasının ali təhsil müəssisələrində artıq təhsil alan BƏƏ vətəndaşlarının sayının artmasında həqiqətən maraqlıyıq və inanırıq ki, tələbə və akademik heyətin mübadiləsi, elmi tədqiqatlar və elmi tədqiqatların aparılması üçün daha geniş imkanlar var".