”Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər” - Təhsil eksperti

 10:52 23.11.2023     2595

"Sən demə, “pedaqoq” sözü (paidagogos – pais, paidos – uşaq və ago – yönəldirəm) qədim Yunanıstanda yaranıb. Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər. Sonralar hər şeyi hamıya öyrətmək sənəti kimi meydana çıxan, yunanca “didakticos” (öyrədən) və “didasko” (öyrənən) sözlərindən götürülmüş didaktikanın inkişafı nəticəsində Yan Amos Komenski elmlər sistemini yaratmaq ideyasını irəli sürdü".

Bu sözləri Redaktor.az-a təhsil eksperti Nadir İsrafilov deyib.

O qeyd etdi ki, Komenski təkcə nəyi öyrətmək və nəyi öyrənmək deyil, eyni zamanda necə öyrətmək və öyrənmək, həmçinin təlimin prinsiplərinin və qaydalarının müəyyənləşdirilməsinin, təlimin təşkilinin əsaslarını - tədris ili, tətillər, tədris ilinin rüblərə bölünməsi, şagirdlərin eyni vaхtda məktəbə qəbulu, sinif-dərs sistemi, məktəblilərin biliklərinin hesaba alınması və qiymətləndirilməsi, tədris gününün davametmə müddəti və s. əsasını qoydu:

"Müasir dövrümüzdə “pedaqoq”lar (evdə dərs deyənlər)  öz keçmişlərinə qayıdaraq “repetitor”lara - evdə fərdi qaydada qeyri-rəsmi fəaliyyətlə məşğul olan peşə sahiblərinə çevriliblər. Nə demək olar... Jan Pol Sartr öz proqnozunda haqlı imiş: “Hər indiki zamanın onu işıqlandıran və onunla birlikdə yoxa çıxan gələcək zamanı vardır ki, keçmiş-gələcək.”

Belə-belə işlər... Əbu Turxanın sözü olmasın, Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş”. Digər müdriklər “Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır” ; “İnsan gələcəyə öz keçmişinin çiynində gedir”; “Keçmiş indinin virtual məkanıdır” ; “Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar”; “Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür” və s. bu kimi deyimlərındə də haqlı imişlər..."

Həmidə İBRAHİMLİ