"Qiymətini aşağı salaram"la hədələmək halları var" - AÇIQLAMA

 17:19 23.11.2023     5645

Azərbaycanda hazırkı tələbələr yeni sistemdə təhsil alırlar, sosial şəbəkələr və müxtəlif proqramlarından istifadə edərək təhsil almaq istiqamətində özlərini inkişaf etdirirlər. Universitetlərdə də müasir, dünyagörüşlü, innovativ texnologiyalardan xəbərdar olan gənc müəllimlərin dərs keçməsini daha çox istəyirlər. Çünki gənc kadrların dərs keçmə üsulunun onlara daha yaxın olduğunu bildirirlər. Ancaq universitetlərdə də gənc müəllimlərin sayı azlıq təşkil edir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi dedi ki, gənc kadrlar universitetlərdə dərs keçmək üçün ilk növbədə əmək haqqı məsələsini əsas gətirirlər:

"Onlar üçün də preativ təbii ki, bu olmalıdır. İstəyir ki, yaşayış şəraitinin yaxşılaşdırılması üçün əməkhaqqı onu qaneedici səviyyədə olsun. Bu nöqteyi-nəzərdən gənc kadrların prosesə cəlb olunması ilə bağlı müvafiq olaraq əmək haqqının artırılması başlıca prinsip olmalıdır. Xüsusilə də oturuşmuş universitetlərin məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitet və bu kimi universitetlərdə tədris aparan şəxslərin, yəni müəllim, professor heyətinin əksəriyyəti yaşlı nəsil nümayəndələridir. Onlar müvafiq olaraq həm ənənəvi təhsil formasını, həm sovet təhsil formasını, həm də baloniya sistemini görən şəxslərdir. Amma onların içərisində baloniya sistemini bir o qədər də mənimsəməyən kifayət qədər müəllim var.

Onlar təbii ki, müasir proseslərlə ayaqlaşmadığı üçün tələbələrlə kommunikasiyada çətinlik yaşayırlar, problemləri olur və tələbələr bunu birmənalı qarşılamırlar.  Çünki gənc müəllim və professor heyəti ilə tələbələr çox asan formada bir-birini başa düşürlər. Çünki onlar müasir dövrün şəxsləridir, xxı əsrin  başlanğıcından bu tərəfə bütün tətbiq olunan metodlarda müştərək iştirak ediblər və ona görə çox asan, anlayışlı dildə bir-birini başa düşə bilirlər. Amma yaşlı nəslin nümayəndələrində isə hələ də sovet təfəkkürünün formalaşdırdığı, bir növ yumruğu stola bərk vurmaq məsələsi, yalnız qorxuyla tələbəni oxutmağa çalışmaq, "qiymətini aşağı salaramla" hədələmək halları var. Tələbələr üçün bu qəbulolunmaz məqamdır.

Ona görə tədricən universitetlərimiz artıq gənc kadrları prosesə cəlb etməlidirlər ki, gələcəkdə bunun daha da ciddi fəsadları olmasın. Müasir universitetlərimizdə Bakı Ali Məktəbi, ADA Universiteti, Xəzər Universiteti və digərlərində tədris aparan şəxslərin 50 faizdən çoxu gənc kadrlardır. Həmin universitetlərdə tələbələrin daha rahat prosesdə iştirakını görmüş oluruq. Ona görə yaranma tarixi qədimə dayanan universitetlər mütləq bu amilləri nəzərə almalıdırlar".

Humay İSGƏNDƏRLİ