"Belə olan təqdirdə mən istefa verəcəyimi bəyan etdim"

 10:11 27.11.2023     343

Rus elmini xarakterizə edən əsas cəhətlərdən biri Nobel mükafatçılarının sayıdır. Sovet tibb elminin alimləri Fiziologiya və Tibb üzrə Nobelə layiq görülə bilməyiblər.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev qeyd edib.

O bildirib ki, Çar Rusiyasından iki alim-İvan Pavlov və İlya Meçnikov Nobel alıblar:

"Sovet Kimya elmindən yalnız bir nəfər, Nikolay Semyonov Nobel mükafatı alıb. Bu ölkənin ən çox nobelçiləri fiziklərdir. Pavel Çerenkov, İqor Tamm, İlya Frank, Lev Landau, Nikolay Basov, Aleksandr Proxorov, Peter Kapitsa, Jores Alfyorov, Vitali Ginzburq, Aleksandr Abrikosov, Konstatin Novoselov. İqtisadiyyat sahəsindən yalnız Leonid Kontoroviç bu mükafata layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatçıları- Aleksandr Soljenitsını və İosif Brodskini ölkədən çıxarıblar, Boris Pasternaka isə mükafatı almağa mane olublar. Böyük fizik Aleksandr Proxorov 32 cildlik "Bolşaya Sovetskaya Ensiklopediya"nın Baş Redaktoru olub. O, müsahibələrinin birində demişdi:

"Suslov məni çağırdı və senzura şərtlərini dedi. Və böyük bir siyahı verdi ki, bu şəxslərin bioqrafiyası qısa olmalı, onların haqqında yazılanlar isə tənqid olmalıdır. Belə olan təqdirdə mən istefa verəcəyimi bəyan etdim. Bundan sonra o, geri çəkildi və biz normal bir Ensiklopediya tərtib edə bildik". Mənim kitabxanamda bu Ensiklopediya var. Həqiqətən vicdanlı bir alimin hesabına böyük bilik xəzinəsi əldə edə bildik. Təssüflər olsun ki çoxları “sovet” sözünə görə bu müdhiş Ensiklopediyanı bukinistlərə və küçə kitab satışına verdilər. Məncə Rusiyanın Ensiklopediya təcrübəsində bundan yaxşısı tərtib olunmayacaq".

Humay İSGƏNDƏRLİ