"Əksər təhsil müəssisəsində nə psixoloq tapırıq, nə də ki, mütəxəssis"

 17:58 27.11.2023     461

Xəbər verdiyimiz kimi, Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayıldı, amma sonradan açıqlama verildi ki, iki şagird qaçarkən toqquşub. Məlumatda qeyd olunur ki, məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Daha sonra isə Bakı şəhəri, Suraxanı rayonunda 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə iddialar səsləndirilirdi. Ancaq sonra məktəblinin özü-özünə xəsarət yetirdiyi məlum oldu.

Hadisələrdən belə qənaətə gəlmək olur ki, məktəblərə şagirdlərə nəzarət yetəri səviyyədə deyil.

Baş verənlərlə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi dedi ki, müvafiq dövr ərzində bu kimi hallar yaşanır:

"Ölkəmizdə fəaliyyət göstərən ümumi və tam orta təhsil müəssisəsi 4200-dən çoxdur və burada bildiyimiz kimi 1 milyon 600 mindən çox şagird təhsil alır. Bağça təhsilini nəzərə alsaq, təxminən 1900-ə yaxın bağça var. Təxminən 100 mindən çox azyaşlı təhsil alır. Bu təhsil sferasına bağlı olan iki milyondan yuxarı şəxs var. Təbii ki, bunların hamısının idarə edilməsi çox asan məsələ də deyil. Qaldı ki, nə üçün bu proses baş verir? Niyə belə hallar yaşanır? Bunun üçün müəyyən çatışmayan tərəflər var. Biz ilk növbədə məktəbdə normal psixoloji vəziyyətin formalaşmasına çalışmalıyıq. Bunun üçün məktəb psixoloqları yerində olmalıdır və həmin psixoloqlar ixtisas sahibi olmalıdır.

Eyni zamanda, məktəbə təyin olunan direktor prosesi bilməlidir, onun idarəetmə qabiliyyəti yüksək olmalıdır, menecer keyfiyyətləri yüksək olmalıdır, həmçinin tabeliyində çalışan direktor müavinləri, təlim-tərbiyə işləri üzrə direktor müavini və digərləri müvafiq olaraq yüksək idarəetmə potensialına sahib olmalıdırlar. Ümumi işin təşkili ilə bağlı valideyn - məktəb münasibətləri, valideyn - müəllim münasibətləri, şagird - müəllim münasibətləri, eyni zamanda şagird - valideyn münasibətləri vacib olan elementlərdir ki, bunlar diqqətdə saxlanılsın. Çünki təhsil alanların hər biri fərqli temperamentə məxsusdurlar. Hərəsi bir ailədən gəlir, hərəsi bir psixologiya daşıyıcısıdır və yaşlarının müvafiq dövründə onlar müəyyən dəyişikliyə uğrayırlar.

Təbii ki, onların da həmin yaşa görə həmin davranışları sərgiləməsi olduğu kimi də qiymətləndirilə bilər və yaxud da həmin o davranış bəzilərinə uyğun gəlməyə bilər, kənaraçıxma halı kimi qiymətləndirilə bilər. Belə məqamlarda da artıq dövriyyəyə psixoloqlar və həmin sinifə dərs deyən müəllimlər buraxılmalıdır ki,  şagirddə baş verəcək hər hansı bir dəyişikliyə anında müdaxilə edib aradan qaldıra bilsinlər".

Ekspert vurğuladı ki, əksər təhsil müəssisəsində nə psixoloq tapırıq, nə də ki, dediyim faktları aradan qaldırmaq üçün mütəxəssis:

"Bunun da təbii ki, məntiqi nəticəsi olaraq belə halların baş verməsi qaçılmaz olur. 90 nömrəli məktəbdə baş verən hadisədə ilk növbədə əgər şagird həmin an xəsarət alıb və sinif yoldaşıyla toqquşubsa sinif müəllimi şagirdə bir qədər daha diqqətli yanaşmalı idi. Onun haqqında dərhal aidiyyatı üzrə məlumat verməli idi. Tibb məntəqəsi olmalıdır ki, şagird dərhal ora göndərilsin, ümumi yoxlanışdan keçirilsin və görünür ki, bu da olmayıb. Tibb məntəqəsi olmadığı üçün də müəllimin yadına düşmür ki, bu şagirdi biz göndərək tibb məntəqəsinə yoxlanışdan keçsin. Belə vəziyyətlər təhsildə çatışmayan tərəflərimizin olduğunu deməyə əsas verir.  Düşünürəm ki,  zamanla problem aradan qaldırıla bilər. O şərtlə aradan qaldıra bilər ki, idarəetmə sisteminə həqiqətən işi bilən, bacarıqlı, professional kadrlar gətirməliyik. Bu işi yalnız bilənlərə həvalə etmək daha məqsədəuyğundur.

Onu da qeyd edim ki, bir ailədə beş uşaq var və yaxud da üç uşaq var. Bəzən görürsünüz ki, onların arasında hər hansı bir ixtilaf baş verir. Özümüzlə müqayisə etsək, məsələn, ailədə uşaqları mövcud situasiyadan necə sakitləşdiriksə, təsəvvür edin bir sinifdə 30 - 35 uşaq olur, belə olan halda müəllimi günahlandırmıram. Müəllim də təkdir, nəzərə almaq lazımdır. Mövcud vəziyyətdə  artıq bütün qüvvələr səfərbər olmalıdır".

Humay İSGƏNDƏRLİ