"Müəyyən olunmuş ixtisasları ən yüksək bal toplamış abituriyentlər seçəcəklər" - Deputat

 11:56 29.11.2023     1045

Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb. Universitetin böyük kampusunun, yataqxana şəhərciyinin, laboratoriyaların yaradılması üçün əlverişli şərait var.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirib.

"Azərbaycanda yeni yaradılmış universitetlərin sürətli inkişaf modeli var. Bura ADA Universitetini və Bakı Ali Neft Məktəbini aid etmək olar. Düşünürəm ki, Qarabağ Universitetinə də bu iki sürətli inkişaf etmiş Universitetin təcrübəsi tətbiq olunacaq. Universitetin inşasını səbirsizliklə gözləyək. Düşünürəm ki, müəyyən olunmuş ixtisaslara ən yüksək bal toplamış abituriyentlər seçəcəklər. Güclü universitet güclü cəmiyyət deməkdir. Bəli, biz qələbəmizi insan kapitalına çevirəcəyik. Qarşımızda duran məqsədlərdən biri budur.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmə və təhsilə verdiyi töhfələr artıq Xankəndinə çatdı. Ölkənin akademik heyətinin əsas arzularından biri də baş tutdu. Ən keyfiyyətli dərsləri keçməyə hazırlaşaq...".

Humay İSGƏNDƏRLİ