Region məktəblərində şagird sayı niyə azalır? - AÇIQLAMA
Bildiyimiz kimi, ötən gün Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov dedi ki, region məktəblərində şagird sayının azalması hiss olunur.
"Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir. Kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur. Lakin buna görə kəndlərdə məktəblərin bağlanması və ya onun tam orta məktəbdən ümumi təhsil məktəbinə çevrilməsi müşahidə olunmayıb. Əksinə, 9 illik təhsil müəssisəsindən 11 illik təhsil müəssisəsinə çevrilən məktəblərimiz var",- deyə Agentlik direktoru vurğulayıb.
Bəs, həqiqətənmi rayonlarda uşaq sayı azdır, yoxsa valideynlər məktəblərdəki şəraitsizlik səbəbindən övladlarını məktəbə yollamırlar və ya rayon camaatının şəhərə üz tutması bu mənzərəni yaradır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil ekspert Elşən Qafarov söylədi ki, ölkədəki 1 milyon 600 min şagirdin üçdə biri, təqribən 500 mini Bakı şəhərində cəmləşir:
"Eyni zamanda şagirdlərin böyük hissəsi Abşeron və Sumqayıtda təhsil alır. Son illərdə urbanizasiya ilə bağlı olaraq Abşeron yarımadasında ölkənin ərazisinin böyük bir hissəsinin cəmləşməsi, nəticə etibarilə şagirdlərin böyük bir qisminin məhz Abşeron yarımadasında, Bakı və Abşeron rayonu ərazisində, o cümlədən Sumqayıt ərazisində yerləşməsi ilə bağlıdır. Eyni zamanda məcburi köçkünlərin də böyük bir hissəsinin bu ərazidə yerləşməsi də buna təsir etməkdədir.Ölkədə olan 4432 məktəbin təqribən yarısında olan şagirdlərin sayı beş yüzündən aşağı olan şagirdlər və onların tam böyük əksəriyyəti də regionlarda yerləşir. Elə kənd məktəblərimiz var 30, 40, 50 və 100 şagirddən ibarətdirlər. Belə məktəblərin sayı yüzlərlədir. Əsas məsələ urbanizasiyadır. Regionlarda iş yerlərinin az olması, əhalinin əsasən böyük şəhərlərə üz tutması nəticəsində şagird sayı azalır. Təhsil alanlarımızın böyük hissəsi şəhərə istiqamətlənir. 2005-ci ildən bu günə qədər 3800 yüzdən artıq məktəbimiz, hansı ki, o məktəblər əsasən elə region məktəbləridir, yenidən tikilib, ya da əsaslı təmir olunur. İnfrastruktur qurulsa da, şagird sayı az olan məktəblər arasında regionda yerləşən məktəblər üstünlük təşkil edir".
Humay İSGƏNDƏRLİ